Musa Qurbanlı: “Üzərimdə heç bir təzyiq hiss etmirəm”
İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Qurbanlı “expressen.se” saytına müsahibəsində üzərində təzyiq hiss etmədiyini bildirib.
Yay transfer dönəmində “Qarabağ”dan ayrılan 21 yaşlı hücumçu ölkə çempionatında meydana çıxdığı 7 oyunda cəmi 2 qol vurmasına görə ciddi narahatlıq keçirmir. O, daha yaxşısını etməyə çalışdığını deyib:
“Üzərimdə heç bir təzyiq hiss etmirəm. Bilirəm ki, insanlar özlərinə təzyiq göstərməyə çalışırlar. Ancaq mən, sadəcə, öz işimi görürəm. Burada əlimdən gələni edirəm. Bilsəm ki, daha çoxunu verə bilərdim, oyunlarda bundan çox qaçardım”.
Amma Azərbaycan millisinin üzvü oyununu yaxşılaşdırmalı olduğunu etiraf edib:
“Əminəm ki, bunu bacaracam. Hücumçu olduğum üçün qol vurmalı və məhsuldar ötürmələr verməliyəm. Matçlardan əvvəl bacardığım qədər hazırlaşıram. Nə qədər çox oynasam, performansım bir o qədər yaxşılaşacaq. İsveç futboluna öyrəşirəm. Söhbət təkcə meydanda sərgilənən 90 dəqiqədən getmir. Yaşamaq, yemək, yatmaq, məşq etmək də bura aiddir. Doğru yolda davam etsəm, hədəflərimə çatacam”.
Qurbanlı qol imkanlarından yararlanmamağın onda ruh düşkünlüyü yaratdığını gizlətməyib:
“Bütün hücumçularda belədir. Qol vurduqca özünəinam artır, vurmayanda bir qədər aşağı düşür. Bu, normaldır. İki həftə əvvəl iki qol vuranda özünəinam yüksək idi. Son matçlarda qol vurmamağım buna mənfi təsir göstərir”.
Musa Qurbanlının “Yurqorden”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin