“Musa qarşımı kəsir, oğlum olduğu üçün çox danışa bilmirəm” – Qurban Qurbanov

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Qurbanov 0:0 hesabı ilə başa çatan oyunu belə şərh edib.

“Qalib gəlmək istəyirdik. Alınmadı. Futbola əks olan hər şey var idi. Oyundan əvvəl stadion sulanmadı. Süni örtükdə oynamaq oyunçularım üçün çətin idi. Belə şəraitdə futbol oynamaq düzgün deyil. Rəqib oyunçular vaxtı gecikdirirdilər. Hakim də sanki onlara qoşulmuşdu. Sürəti artırmaq istəyirdik, alınmırdı. Süni örtükdə oynamaq çətindi, stadionu da sulamadılar. Yəqin ki, texniki işçilər evə getmişdi. Bilmirəm, bəlkə, iş vaxtları bitib. Bunun məsuliyyətini kimlər daşıyır, heç bir fikrim yoxdur.

Ümumən Azər Bağırova uğurlar arzulayıram. Yaxşı komandası var.

Ümumiyyətlə, hakimlərə, qərarlara qarşı çıxmaq istəmirəm. Sadəcə olaraq, niyə qırmızı vərəqə verilməlidir? Nizamnamədə belə bir şey yoxdur ki, futbolçu aqressiya göstərəndə “qırmızı” ilə cəzalandırılsın. Əksinə, belə hallar futbolu gözəlləşdirir. Sadəcə, bilmək istəyirəm ki, niyə verilməlidir. Musa qarşımı kəsir. Çox danışmıram ki, deyəcəklər oğluna görə danışır. Niyə verilməlidir? Onlara verilmədi, amma bizə niyə verirlər? Nə var idi orda? Hansı oyunda var ki, futbolçular mübahisə edəndə “qırmızı” verilsin? Hələ Xaqani Məmmədov deyir ki, Marko Veşoviçə də “qırmızı” verilsin. Onda hakimlər də səhv edəndə cəzalandırılısın, qırmızı vərəqə verilsin, 4-5 oyun oyunlara təyinat almasınlar.

Hamıya, hər birinizin fikrinə hörmətlə yanaşıram. Amma bu məsələ o qədər qaldırıldı ki, sanki “Araz-Naxçıvan”nın futbolçularını döymüşük. VAR oturub orada. Hər şeyi çox gözəl görür. Amma heç nəyə müdaxilə etmir.

Hakim oyunu çox yaxşı idarə edirdi. Sadəcə, belə bəsit şeylər etmək olmaz. Belə davranmaq düzgün deyil. Onda oyunçulara deyim ki, danışmayın, qoy sizi döysünlər. O qədər oyunlarımız olub ki, mən futbolçunu meydana buraxmamışam ki, sındıracaqlar. Beş gündən sonra sən gəl “qırmızı” ver. Niyə? Hər kəsin fikrinə hörmətlə yanaşırıq. Amma belə olmaz. Müzakirələrə baxdım və gördüm ki, sanki hər şeyi biz etmişik. Müzakirələr o qədər böyüdüldü ki, mən məcbur olub epizodlara təkrar-təkrar baxmışam, analiz eləmişəm. Bütün epizodları xırdalamışam. Onlara qışqırmaq olar, bizə olmaz? Gələn oyun oyunçularıma tapşıracam ki, danışanı özüm cərimələyəcəm. Qoy danışmasınlar.

Futbolçuların oruc tutmasından çox performanslarına belə meydançalar təsir edir. Başqa hansısa mənfi təsirini mən görməmişəm. Ümumiyyətlə, dünya futbolunda da belə təcrübə var. Hakim oyunu saxlayır, oyunçulara oruclarını açmaq üçün fasilə verir. Heç bir əks təsirini görmürəm”.

“Qarabağ” növbəti turda “Turan Tovuz”un qonağı olacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button