“Musa komandada daha çox görmək istədiyim oyunçu idi” – “Yurqorden”in baş məşqçisi
İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Laqerlef azərbaycanlı hücumçu Musa Qurbanlı haqda danışıb.
Komanda.az xəbər verir ki, baş məşqçi “Expressen”-ə açıqlamasında Qurbanlının çempionatının 15-ci turunun “Malmö”yə qarşı matçında iştirakının mümkünlüyü haqda fikirlərini bölüşüb:
“Malmö” ilə oyuna qədər bütün sənədlər hazır olsa, Musa Qurbanlı və Feliks Vanın oynayıb-oynamaması dəqiqləşəcək. Bu, ümumilikdə vəziyyətdən və bəzi digər məqamlardan asılıdır. Amma oynamağa hazır olsalar, hər halda, onları meydana buraxmaq variantlarını götür-qoy etmək mümkündür”.
Laqerlef yeni transferlərin fiziki durumundan danışaraq, Qurbanlını xüsusi qiymətləndirib:
“Məncə, Musanın bu baxımdan üstünlüyü var. O, məşq edib və millinin düşərgəsində olub. Amma bu, mən onu şəxsən görməmişdən əvvəl idi. Musa komandada daha çox görmək istədiyim oyunçu idi. O, əsl doqquz nömrədir, həmişə cərimə meydançasında fürsət axtarır. Daim qol vura biləcəyi sahələr axtarışındadır. Musa Qurbanlı zəhmətkeş, yaxşı fiziki göstəriciləri olan, formalaşmış, bacarıqlı futbolçudur. O, başı ilə qol vura bilir, həm sağ, həm də sol ayaqları ilə yaxşıdır”.
Musa Qurbanlı bu yay “Qarabağ”dan İsveç klubuna keçib.
Bizi Facebook-da izləyin