Murad Musayev: “Sabah” rəhbərliyi mənim necə futbol oynatdığımı bilirdi”
“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis “Sabah”da gördüyü işlərdən danışıb:
“Buraya gələndə komandanın nə oyun üslubu, nə də fəlsəfəsi var idi. Komanda aşağı sıralarda gedirdi, hər şeyə yenidən başladım. Üslub, fəlsəfə yox idi. Klub gəncdir, onun başqalarından fərqlənməsi vacibdir. “Sabah” rəhbərliyi kimi dəvət etdiyini, mənim necə futbol oynatdığımı bilirdi. Beşli müdafiə mənlik deyil. Oyunun strukturunu tamamilə dəyişdik. Əminliklə deyə bilərik ki, indi “Sabah”ın Azərbaycanda bənzərsiz oyun üslubu var”.
Azərbaycanda futbolunun səviyyəsinə də toxunan 40 yaşlı mütəxəssis “Qarabağ”ı fərqləndirib:
“Ən parlaq oyunu bu komanda sərgiləyir. 15 milyonluq heyəti var və avrokuboklarda kifayət qədər yaxşı oynayırlar. “Ferentsvaroş”, “Sürix”, “Nant”, “Olimpiakos” üzərində qələbə qazanıblar. Az qala “Gent”i də keçəcəkdilər. İlk görüşdə 1:0 hesabı ilə qalib gəldilər. Cavab matçında penaltilər seriyasında uduzdular. Təəccüblü deyil ki, Talalayev, Kaleşin kimi məşqçilər Qurban Qurbanovun yanında təcrübə keçmək istədiklərini deyirlər. Qurbanovla çox yaxşı münasibətimiz var. İndi rəqib olduğumuz üçün ondan nəsə öyrənməyim mümkün deyil. Gələcəkdə böyük məmnuniyyətlə onun işini görmək istərdim”.
O, yerli klubların daha çox İspaniya Sequndası və Portuqaliya çempionatından futbolçu aldıqlarını vurğulayıb:
“Oyunçuların səviyyəsi yaxşıdır, lakin maliyyə tələbləri aşağıdır. Rusiyadan bura Azərbaycan əsilli gənclər gəlirlər. “Sabah”a gəlmək üçün futbolçu dostlarımdan müraciətlər olmuşdu. Amma müxtəlif səbəblərdən razılaşa bilmədik. Klubun müəyyən strukturu var. İlk olaraq futbolçuya seleksiya şöbəsi baxır, sonra rəhbərlik maliyyə tərəfini müzakirə edir. Hər şey üst-üstə düşərsə, onlara məşqçilər korpusu baxıb son qərarı verir. Mən bu prosedurdan yan keçmək, futbolçularımı məcbur etmək istəmirəm”.
Bizi Facebook-da izləyin