
“Mançester Siti” İtaliya klubunun futbolçusunu transfer etmək istəyir
“Mançester Siti” yayda “Milan”ın yarımmüdafiəçisi Ticani Reyndersi transfer etmək niyyətindədir.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “şəhərlilər”in rəhbərliyi baş məşqçi Pep Qvardiolanın kollektivində ciddi dəyişikliklər etməyi planlaşdırır və 26 yaşlı futbolçu əsas hədəflərdən biri kimi nəzərdən keçirilir.
Reynders ənənəvi olaraq “8 nömrə” kimi çıxış edir, ancaq eyni zamanda, dayaq yarımmüdafiəçisi mövqeyində də səmərəli istifadə olunur. Bu səbəbdən, onun “Mançester Siti”nin mərkəz xəttini gücləndirə biləcəyi söylənilir.
“Milan” niderlandlı futbolçunu Sandro Tonali üçün “Nyukasl”a ödədiyi 55 milyon funt-sterlinqdən qat-qat yüksək qiymətləndirir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.
Reynders cari mövsümdə A Seriyasında 35 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



