Mövsümün ilk Premyer Liqa turniri üçün heyət açıqlandı
Mövsümün ilk Premyer Liqa turnirində iştirak edəcək karate üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, yanvarın 27-29-da baş tutacaq turnirdə iştirak etmək üçün yığmamız 25 nəfərlə Misirin paytaxtı Qahirəyə yollanıb.
Heyətə AMKF-in prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyev rəhbərlik edir. Kumite üzrə kişilərdən ibarət millinin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov müxtəlif çəkilərdə bir neçə idmançının çıxış etməsinə üstünlük verib. Onlardan Əminağa Quliyev və Sultan Hüseynov 60 kq, Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Nuran Rzazadə 67 kq, Fərid Ağayev 75 kq, Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov 84 kq, Asiman Qurbanlı və Osman Osmanlı isə 84+ kq çəki dərəcəsində döyüşəcəklər. Roman Heydərov kata yarışlarında iştirak edəcək.
Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov turnirdə Fidan Teymurovanı (50 kq), Mədinə Sadiqovanı (55 kq), Renata Ərəblini (61 kq) və İrina Zaretskanı (68 kq) müşayiət edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov 58 ölkədən 382 idmançının mübarizə aparacağı Karate1 Premyer Liqa turnirinin Qahirə mərhələsini idarə edən referilər arasında olacaqlar.
Bizi Facebook-da izləyin