Mövsümün açılış yarışının qalibləri bəlli oldu
Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə velosiped idmanının trek növü üzrə mövsümün açılış yarışı keçirilib.
Komanda.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən çoxgünlük qrup ötüşmələrində Elit/U23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınlar iştirak ediblər.
Ümumilikdə 50 velosipedçi müvafiq kateqoriyalar üzrə 3 gün ərzində skreç, tempo, xallar üzrə qrup ötüşməsi və çıxmaqla qrup ötüşməsi növlərində mübarizə aparıblar. Qaliblər bütün mərhələlərin ümumi nəticəsinə əsasən müəyyənləşdiriliblər.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN, 58 xal) bütün rəqiblərindən üstün olaraq birinci yerə layiq görülüb. Nəcəf Bağırov (ROEQİUGVM, 49 xal) ikinci, Samir Cəbrayılov (MSN, 45 xal) isə üçüncü yerdə qərarlaşıblar.
Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 70 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən yaxın izləyicisi Artyom Proskuryakov (Təhsil RİM, 60 xal) gümüş, Turqut Qurbanlı (ROEQİUGVM, 42 xal) isə bürünc medala sahib olublar.
Qadınların mübarizəsində ən yüksək nəticəyə Viktoriya Sidorenko (ROEQİUGVM, 70 xal) imza atıb. Radha Şabanova (ROEQİUGVM, 60 xal) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 50 xal) isə üçüncü yerlə kifayətləniblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Bizi Facebook-da izləyin