“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini səsləndirib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“0:3 Neftçi”nin tam üstünlüyü deməkdir. Hesab baxımından belədir. Amma oyuna gəldikdə, normal başladıq, 60-70-ci dəqiqəyə qədər başabaş futbol oynamağa çalışdıq. Qol vəziyyətlərimiz “Neftçi”dən daha çox idi. Bir qoldan sonra komanda irəli atıldı. Ondan sonra 0:1 və ya 0:3 arasında fərq yox idi. Peşəkar komanda öz futbolunu sona qədər oynamalıdır. Biz 70-ci dəqiqədən sonra başqa cür oynadıq. “Neftçi”yə uğurlar arzulayıram. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma 3:0-lıq oyun deyildi. “Sabah”a uduzduqdan sonra heç bir iddiamız qalmadığı üçün futbolçuları da oyuna kökləmək çətindir. Mövsüm bizim üçün bitib. Heç bir iddiamız qalmayıb. Daha yaxşı “Səbail” olmaq üçün çalışmaq lazımdır. Builki səhvlərimizi yığışdırıb, yeni mövsümdə yaxşı, iddialı komanda yaratmaq gücündəyik.
“Neftçi”nin futbolçularının keyfiyyəti bizim futbolçuların keyfiyyətindən daha yaxşı idi. Rəqib futbolçu yaxın küncdən akrobatik vuruş etdi. Amma bizim o qədər epizodumuz oldu, istifadə edə bilmədik. Öz oyunçularımı aşağılamaq istəmirəm, amma fakt odur ki, “Neftçi”nin futbolçularının keyfiyyəti bizimkilərdən daha üstün oldu. Yarım epizoddan qol vurdular”.
Bizi Facebook-da izləyin