Motsart kimdir?

Rəşad Ergün

Nə az, nə çox, 19 ildir idman mətbuatındayam. Bütün bu illər ərzində Azərbaycan futbolundan kimlər gəlib keçməyib? “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovu, uzun illər Azərbaycan futboluna rəhbərlik etmiş Fuad Musayevi, Ramiz Mirzəyevi, Fuad Əsədovu, Toğrul Hacıyevi görmüşük, müsahibələr etmişik. Bütün bu illər ərzində yüzlərlə futbolçu ilə görüşmüşük, müsahibə götürmüşük.

Bütün bu illər məndə bir şeyə əminlik yaradıb: azərbaycanlı futbolçular oxumur, savadsızdır, savadsızlıq bir yana, vətəndaşlıq mövqeləri də yoxdur. Bütün bu illər ərzində tək bir istisna olub. O da Azərbaycan millisinin üzvü, hazırda Qazaxıstanın “Tobol” klubuna keçidi gündəmdə olan qapıçı Emil Balayev. Düzü, Emilin futbolçu kimi potensialını tam bilmirəm. Amma bir neçə il əvvəl Bakıda bina yananda, bütün ölkə təşviş və qəzəb içində olanda, futbol camiəsindən təkcə Emil Balayev susmamışdı, tənqid etmişdi, üzüntüsünü göstərmişdi. Və düzü, elə o vaxtdan bu oğlana rəğbətim yarandı, izləməyə başladım. Bir neçə gün əvvəl, Balayevi daha yaxşı tanıyan hörmətli Tahir Süleymanovun sosial şəbəkədə onunla bağlı fikirlərini oxuyanda, bu oğlana rəğbətim bir qədər də artdı – Emil savadlıdır və bir neçə xarici dil bilir. Emil savadlıdır və savadlı olduğu üçün də yaxşını pisdən ayıra, vətəndaşlıq mövqeyini ortaya qoya bilir.

Bəs başqaları? Siz indiyə kimi hansısa azərbaycanlı futbolçunun Qarabağ mövzusunda nəsə dediyinin şahidi olmusuz? Hansısa futbolçunun ölkədəki məmur özbaşınalığı ilə bağlı fikirlərinə rast gəlmisiz? Hansısa futbolçunun haqsızlığa etiraz etdiyini eşitmisiz? Bu adamlar yaxşı futbolçu deyillər (yaxşı futbolçu olsalar, Azərbaycanın milli komandaları rüsvayçı gündə olmaz), bu adamlar ümumiyyətlə, vətəndaş deyillər.

Siz bu futbolçulardan istənilən birinə “Motsart kimdir”, “Cek London kimdir”,  “Bethoven kimdir”, “Ernest Heminquey kimdir” suallarını versəz, durub mat-mat üzünüzə baxacaqlar, ya da “qardaşımsan, mənə düz-əməlli suallar ver” deyəcəklər.

O gün telekanallardan birində keçmiş futbolçu Mahir Şükürovun qonaq olduğu verilişə baxırdım. Adam ağzını əyə-əyə “bizə iş vermirlər, bizim keçmiş xidmətlərimizi nəzərə almırlar” deyirdi. Sənin Azərbaycan futbolu qarşısında hansı xidmətlərin olub, yoldaş? Başqa sənət sahiblərinin bir ilə qazana bilmədiyi pulu bir gündə almısız, çıxış etdiyiniz klublar, milli komandalar həmişə üzqarası olub, başımızı aşağı dikib, utandırmısız bizi! Sənə hansı potensialına görə iş verilməlidir? Sən hansı savadın sahibisən, Mahir? Sən tutaq ki, uşaqlara nə öyrədə bilərsən? Savadsız məşqçilərinin sənə öyrətdiklərindən daha artığını öyrədəcəksənmi? Nə öyrədəcəksən? Pul qazanmaq üçün gündə bir klub dəyişməyi? Avropada ortabab bir klubun qapısının kandarından keçə bilməyəcək qədər zəif futbolçu olmağı? Nə öyrədəcəksən, axı, nə?

Komanda.az saytında “Azərbaycan millisinin baş məşqçisi kim olsun” sualı altında sorğu etmişik. Sorğuda iştirak edənlərin çoxu azərbaycanlı futbolçuları, Azərbaycan futbolunu ələ salıb. Haqsız da deyillər, bu cahillər, savadsızlar, vətəndaş mövqeyi olmayanlar elə ələ salınmalı adamlardır.

İndi AFFA Motsartı, Bethoveni, Cek Londonu, Heminqueyi tanıyan bir əcnəbini tapıb, bu cahil və savadsızların olduğu milli komandaya baş məşqçi qoymaq istəyir. Yanlış seçimdir, haqsızlıqdır. Bu adamların özlərinə bab olan birini, məsələn, elə həmin Mahir Şükürovu baş məşqçi qoyun.