“Monako”nun qapıçısı La Liqa klubunda
İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Barselona təmsilçisi “Alaves”dən hücumçu Xose Luis Mato Sanmartini (Xoselu) transfer edib.
Azad agent olan 32 yaşlı ispan futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 2019-cu ildən “Alaves”də forma geyinirdi. Təcrübəli hücumçu bu komandada 113 oyuna 36 qol vurub.
Daha bir yeni transfer “Malyorka”dan gələn Brayan Olivandır. 28 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. İspan futbolçu 2020-ci ildən oynadığı “Malyorka”da 47 oyuna çıxıb, 1 qol vurub.
İspaniya klubu bu ilin əvvəlində Rusiyanın “Krasnodar” klubundan icarətə götürdüyü yarımmüdafiəçi Tonni Vilyenanın da transfer hüquqlarını alıb. Niderlanddan olan 27 yaşlı futbolçu ilə də 3 illik müqavilə imzalanıb. O, geridə qalan mövsümün ikinci dövrəsində La Liqa təmsilçisinin heyətində 17 matça çıxıb. Futbolçu 2019-cu ildən “Krasnodar”da çıxış edirdi. Vilyena Niderland millisində də 15 matça çıxıb.
“Espanyol” “Monako”dan qapıçı Benjamen Lekomtu, həmçinin “Lommel”dən yarımmüdafiəçi Vinisius Souzanı icarəyə götürüb. Onların hər ikisi 2022/23 mövsümünün sonuna kimi La Liqa klubunda çıxış edəcək.
Lekomt 2019-cu ildən “Monako”da çıxış edir. O, ötən mövsümü icarə əsasında Madrid “Atletiko”sunda keçirib.
Vinisius Souza isə Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. Braziliyadan olan 23 yaşlı futbolçu 2020-ci ildə “Flamenqo”dan ayrılaraq Belçika “Lommel”inə keçib.
Bizi Facebook-da izləyin