Təhqir olunan futbolçudan UEFA-ya 2 sual

“Monako”nun futbolçusu Orelyen Tuçameni Çempionlar Liqasının 3-cü mərhələsinin “Sparta” (Çexiya) ilə matçında irqçiliyə məruz qalıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı Kamerun əsilli fransalı yarımmüdafiəçi, bu barədə özü açıqlama verib:

“Hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm. Bir il boş tribunalar önündə oynadıq və indi azarkeşlər yerlərinə qayıdıb. Bu, sevindiricidir. Futbol bildiyim və sevdiyim oyundur. Vurduğum qolu həmişəki kimi qeyd etdim, ancaq ünvanıma irqçi ifadələr eşitdim. Mənə meymun deyirdilər.

Komandam buna meydanda ən gözəl cavabı verdi. Onlarla qürur duyuram. Lakin irqçilik cəzasız qalmamalıdır. Hər şeyin necə olacağını bilirik. Bir-iki gün araşdırılacaq, sonra da bir cəza veriləcək. Ancaq belə şeylərə qarşı daha sərt tədbirlər görülməlidir. UEFA-ya iki sualım var: nə üçün irqçiliyə məruz qalan futbolçular oyundan sonra hakimlərin protokolu tərtib etməsində iştirak etmir? Millimetrlik bir epizodu qiymətləndirmək üçün oyun beş dəqiqəlik dayandırıla bilirsə, nə üçün irqçi şüarlara görə bunu etmək olmur? “Sparta” ilə oyunda hər kəs mənə deyilənləri eşitdi. İrqçiliyə “yox” deməliyik. Bu, təkcə futbola deyil, digər sahələrə də aiddir. Mən Tuçameniyəm və nəslimlə qürur duyuram. Heç kim keçmişini özü seçmir”.

“Sparta” – “Monako” matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb. Tuçameni oyunda ilk qolu vurub. Çexiyalı azarkeşlər qoldan sonra onun ünvanına irqçi şüarlar səsləndiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button