“Monako”dan “Nitsa”ya 18 milyon avroluq transfer

“Monako” yarımmüdafiəçisi Sofian Diopla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu Liqa 1-in digər təmsilçisi “Nitsa”ya transfer olunub. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Bu keçid “Nitsa”ya 18 milyon avroya başa gəlib. Seneqallı oyunçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.

Sofian Diop Fransanın “Renn” klubunun yetirməsidir. O, 2018-ci ildə azad agent kimi “Monako”ya cəlb olunmuşdu. Knyazlıq təmsilçisi yarımmüdafiəçini 2019/20 mövsümündə “Soşo”ya da icarəyə verib. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu “Monako”da bütövlükdə 105 matça çıxıb, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

“Monako” daha bir gənc oyunçusu – Entoni Musabanı da “Mets” klubuna icarəyə verib. 21 yaşlı forvardın bu mövsümün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb. Niderlanddan olan futbolçu 2020-ci ildə “NEK Neymegen”dən transfer olunub. O, əvvəlki mövsümlərdə “Serkl Brügge” və “Herenven” klublarında da icarədə oynayıb.

Sofian Diopu transfer edən “Nitsa” da müdafiəçisi Flavius Danilyuku İtaliyanın “Salernitana” klubuna satıb. Liqa 1 təmsilçisi bu keçidə görə 5 milyon avro qazanıb. Avstriyadan olan 21 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

Flavius Danilyuk Almaniyanın “Bayern” klubunun yetirməsidir. O, 2020-ci ildən “Nitsa”da forma geyinirdi. Mərkəz müdafiəçisi bu komandada 53 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button