“Monako”da bir ayrılıq, bir yeni müqavilə
Fransanın “Monako” klubu müdafiəçisi Antonio Barreka ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, İtaliyadan olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
27 yaşlı müdafiəçinin yeni iş yeri də məlumdur. O, İtaliyanın “Kalyari” klubu ilə anlaşıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
Antonio Barreka “Torino”nun yetirməsidir. O, “Monako”ya gedənə qədər ölkəsində “Çittadella” və “Kalyari”nin də uğurları üçün çalışıb. 2018-ci ildən Liqa 1 təmsilçisində olan sol cinah müdafiəçisi, bu komandada cəmi 9 oyun keçirib. O, əsas heyətdə möhkəmlənə bilmədiyi üçün “Nyukasl”, “Cenoa”, “Fiorentina” və “Leççe”yə icarəyə verilib.
“Monako” digər oyunçularından Jan Harrison Marselin ilə Krislen Matsimanı da icarəyə göndərib. Marselin mövsümün sonuna kimi “Brügge”yə, Matsima isə “Loryan”a icarəyə verilib. 20 yaşlı Matsima müdafiəçidir. “Monako”nun öz yetirməsi olan futbolçu Fransanın U-20 yığmasında da oynayır. Marselin isə “Oser”in yetirməsidir. 2020-ci ildən “Monako”da olan 22 yaşlı müdafiəçi, 2020/21 mövsümündə də “Brügge”də icarədə olub.
Knyazlıq təmsilçisi braziliyalı sağ cinah müdafiəçisi Vandersonla da yeni müqavilə imzalandığını açıqlayıb. 21 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilə kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki sözləşmə 2026-cı ilin yayına qədər idi. “Monako” Vandersonu 2022-ci ilin yanvarında Braziliyanın “Qremio” klubundan 11 milyon avroya transfer edib. O, Liqa 1 klubunda 26 oyuna 5 qol vurub.
Bizi Facebook-da izləyin