Azərbaycanlı hakimlər üçün tarixi matç
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Danimarka və Moldova yığmalarının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, sözügedən komandalar arasında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin 8:0 hesablı qələbəsiylə yekunlaşıb.
Bu, Moldova yığmasının tarixində ən ağır məğlubiyyətdir. Daha öncə sözügedən komandanın ən böyük hesablı məğlubiyyəti 0:6 idi. Moldovanlar 2001-ci ildə İsveçə, 2020-ci ildə isə İtaliyaya 0:6 hesabıyla uduzmuşdular.
Danimarka yığması da dünya çempionatlarının seçmə mərhələləri çərçivəsində ən böyük hesablı qələbəsini qazanıb.
Herninq şəhərindəki “Herninq Arena”da keçirilən Danimarka – Moldova qarşılaşmasını Əliyar Ağayev idarə edib. Ona bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.
Moldova yığmasının qapısını bu oyunda “Keşlə”nin qapıçısı Stanislav Namaşko qoruyub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Hazırda Moldova yığmasını “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin çalışdırır.
Bizi Facebook-da izləyin