Moldova çempionatı dayandırıldı – Koronavirusa görə
Moldova Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkə çempionatının müvəqqəti dayandırılmasına qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Milli Divizionda sentyabrın 11-dək məcburi fasilə elan olunub. Bir neçə klubun müraciətini nəzərə alan federasiyanın Fövqəladə Komitəsi çempionatın 9 və 10-cu turlarını təxirə salıb.
Komitə avrokuboklarda iştirak edəcək “Şerif”, “Sfintul George”, “Petrokub” və “Dinamo-Avto” komandalarına beynəlxalq oyunlaradək karantin rejimində hazırlaşmağı tövsiyə edib.
Federasiya idman bazası olmayan avrokubok iştirakçılarının milli komandaların bazasından pulsuz istifadə etməsinə icazə verəcək.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Makedoniya “Sileks”ini keçəcəyi halda növbəti raundda “Şerif” – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
“Dinamo-Avto” klubunda Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyev də çıxış edir.
Bizi Facebook-da izləyin