“Molde” nədən qorxur? – “Qarabağ”, geri çəkilmə!
Azərbaycanın futbola könül verən kəsiminin başının “Qalatasaray”a qarışdığı bu günlərdə bizim üçün daha bir vacib məsələ var: “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveçin “Molde” komandası ilə keçirəcəyi oyun ətrafında yaranan təhlükə.
Təbii ki, “Neftçi”nin Avropa Liqasında qardaş Türkiyənin “Qalatasaray” klubu ilə oyunu da çox vacibdir və diqqətdə saxlanılmalıdır. Amma yəqin kimsə etiraz etməz ki, Azərbaycan futbolunda artıq uzun illərdir dəbi “Qarabağ” müəyyənləşdirir, ölkənin futbol imicini Ağdam təmsilçisi formalaşdırıb və bu komandanın “Molde” ilə qarşılaşması bizim üçün nəticə baxımından daha önəmlidir. “Neftçi” “cim-bom”la nə edəcək, etməyəcək, onu oyun göstərəcək. Lakin “ağ-qaralar”ın avrokuboklarda qrup mərhələsinə düşəcək potensialdan çox uzaq olduğunu kim bilmir ki? Bir sözlə, “Neftçi” – “Qalatasaray” matçı rəqibin ad-sanına görə maraqlıdırsa, bütün ölkə üçün “Qarabağ”ın oyununun nəticəsi hava-su qədər önəmlidir.
Bu önəmli oyun isə Norveç klubunun cığallığı ucbatından Bakıda keçirilməyə bilər. Püşkatmadan dərhal sonra “Molde” rəsmiləri cığallığa başlayıblar ki, “Qarabağ”la görüş Azərbaycanda yox, ya Norveçdə, ya da onların istədiyi 6-7 ölkədən birində, neytral meydanda keçirilməlidir. Onlar artıq bununla bağlı Azərbaycan çempionuna müraciət də ediblər. “Qarabağ” rəsmiləri isə təbii ki, bundan narazıdır və dərhal UEFA-ya üz tutublar. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun dünən Komanda.az-a verdiyi açıqlamanı yada salaq:
“Bəli, Norveç tərəfi oyunun neytral meydanda keçirilməsini istəyir. Norveç hökumətinin ölkəyə gələn şəxslərlə bağlı 10 günlük karantin tələbi var. Bununla əlaqədar “Molde” rəsmiləri özlərinin müəyyənləşdirdiyi 6-7 ölkədə oynamağı təklif edirlər. Təbii ki, biz o şərtlərlə razılaşmadıq və UEFA-ya müraciət etdik. Qarşılaşmanın Bakıda təşkil olunması ilə bağlı qitə futbol qurumundan cavab gözləyirik”.
“Qarabağ” bu məsələdə tam haqlı tərəfdir. Püşk atılıb və onun meydan seçimi ilə bağlı nəticəsini dəyişmək olmaz. Ya da bir halda olar ki, hər iki klub ortaq məxrəcə gəlsin. “Köhlən atlar” isə “Molde” ilə razılaşmaq niyyətində deyil, doğrusu da budur. “Qarabağ” sonadək haqlı mövqeyini qorumağa çalışmalıdır. Ümid edək ki, UEFA da “Molde”nin cığallığını ciddiyə almayacaq.
“Qarabağ”ın Avropada tarix yazmağa başladığı 2009-cu ildə ilk sanballı “qurban”ı “Rusenborq” olmuşdu. “Molde” kimi Norveçi təmsil edən, “Molde”dən daha məşhur, daha güclü “Rusenborq”. Ola bilsin, “Molde”ni qorxudan da budur – “Rusenborq”un başına gələnlər. “Qarabağ” “Rusenborq”u mübarizədən kənarlaşdıran komanda deyil, çox daha güclü, təcrübəli, Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş komandadır. Bütün bunlar isə “Molde”ni təbii ki, narahat edir. Narahat etdiyi üçün də hər vəchlə oyunpozanlıq etməyə çalışırlar. “10 günlük karantin, neytral meydanda oynamaq” və sair – bunlar bəhanədir. Artıq bütün dünya koronavirusla, pandemiyanın yaratdığı fəsadlarla yaşamağa öyrəşir, ya da öyrəşməlidir. “Molde” bunu bacarmırsa, ya da hazır deyilsə, günah “Qarabağ”da, ya da UEFA-da deyil.
Uğur
Bizi Facebook-da izləyin