Vaqif Sadıqov MOİK-in Premyer Liqaya buraxılmamasından danışdı – Müsahibə
AFFA Lisenziya Komissiyasının son qərarlarından belə məlum olur ki, 1-ci divizionun çempionu MOİK növbəti mövsümdə Premyer Liqada olmayacaq. Reqlamentə görə Premyer Liqanı tərk etməli olan “Keşlə” isə qarşıdakı mövsümdə də elitada mübarizə aparacaq.
Bu məsələlərlə bağlı AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Komanda.az-a müsahibə verib:
- Premyer Liqanı sonuncu sırada bitirən “Keşlə” elitada qalır, 1-ci divizionun çempionu MOİK isə Premyer Liqada iştirak edə bilmir. Bu, necə olur? Bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Müəyyən olunmuş lisenziya şərtləri var. Hansı ki, ona əməl edən, 1-ci divizionda lazımlı yeri tutan klub Premyer Liqada iştirak etmək hüququ qazanır. Ancaq 1-ci divizionun çempionu MOİK, eləcə də digər klublar lisenziya tələblərinə uyğun deyil. Biz də istərdik ki, Premyer Liqada iştirakçı klubların sayı çox olsun. Bu, elitadakı rəqabəti gücləndirir. Rəqabətin olduğu yerdə isə inkifaş olur, futbol daha da inkişaf edir. Təəssüf ki, bizdə 1-ci divizion klublarının Premyer Liqada iştirakı idman prinsiplərinə əsaslanan lisenziya şərtlərinə cavab verə bilmir. Yaxın günlərdə iclasımız olacaq. Bu məsələni yenidən mövzu obyektinə çevirib, müzakirə edəcəyik.
- Lisenziya şərtləri nədir ki, klublar onun tələblərinə uyğun deyil? Yəni hansı kriteriya əsas tutularaq 1-ci divizon klubları lisenziya ala bilmir?
- Lisenziya üçün qəbul olunmuş şərtlər var. Bu işlə məşğul olanlar daha yaxşı bilər. 1-ci divizion təmsilçiləri idman prinsiplərinə əməl etməklə tam klub kimi formalaşmalıdır.
- 1-ci divizionda hansısa klubu Premyer Liqada mübarizə aparacaq gücdə görürsüz?
- Hər bir klub elitada çıxış edə bilər. Rəqabətin güclü olduğu yerdə mübarizə maraqlı keçər, çempionat daha maraqlı olar. 1-ci divizionda ənənəsi olan olan klublar var. “Kəpəz”, “Turan Tovuz”, “Zaqatala” – onlar da Premyer Liqa klublarıyla mübarizə apara bilər. Yenə də deyirəm, əsas olan idman prinsiplərinə əməl etməklə lisenziya şərtlərinə cavab verməkdir. Hər bir klub 1-ci divizionda güclü olduğunu sübut etdikdən sonra idman prinsiplərinə əməl etməklə, Premyer Liqada iştirak edə bilər.
- Premyer Liqada iştirakçı klubların sayının 10-a yüksəldiləcəyinə dair ümid var idi…
- Bunu növbəti iclasımızda müzakirə edəcəyik. Ancaq 1-ci diviziondakı heç bir klubun lisenziya şərtlərinə uymadığı açıqlanıbsa, bunu necə mövzu obyektinə çevirək? Rəqabətin artması, futbolun inkişafı üçün gələcək planlar həyata keçirilməlidir.
- Belə aydın olur ki, gələn mövsüm yenə 8 klub olacaq?
- İclas keçiriləcək, bütün bu məsələlərə aydınlıq gələcək. Ancaq iştirakçı sayı artsa, futbolçularda, klublarda rəqabət də artacaq. Bu da Azərbaycan futbolunun inkişafında öz sözünü deyəcək.
- Premyer Liqada geridə qalan mövsümü dəyərləndirərdiz. Sizi daha çox hansı klub təəccübləndirdi?
- 8 komandalı çempionatda hər klub 1-ci yeri də tuta bilər, 8-ci yeri də. Ancaq ümumilikdə, azarkeşlər üçün də, futbolçular üçün də maraqlı çempionat oldu. Mübarizə sona qədər davam etdi. “Qarabağ” “Neftçi” ilə son oyuna qədər çempionluğunu rəsmiləşdirsə də, prinsipiallıq baxımından maraqlı qarşılaşma oldu. Bunun azakeşlər üçün də maraqlı olduğunu düşünürəm. “Qarabağ” ardıcıl 6-cı çempionluğunu qazandı. “Neftçi” də sərgilədiyi oyunla çempionata rəng qatdı. Demək olar ki, sona qədər “Qarabağ”la başa-baş mübarizə apardı. Ancaq “Qarabağ” yenə öz gücünü göstərdi. Bütün klublar çalışdılar ki, “Qarabağ”a qarşı yaxşı mübarizə aparsın, güclərini sübut etsin. Məni təəccübləndirən klub “Səbail” oldu. İlk turlarda məğlubiyyətlər alsalar da, oyundan-oyuna güclənərək, çempionatı 3-cü sırada bitirdirlər. Avropa Liqasına vəsiqə qazanaraq, azarkeşlərini də sevindirdilər. “Keşlə” üçün uğursuzluq oldu. Ötən mövsüm ölkə kubokunu qazanıb, Avropa Liqasına yollandılar. Ancaq sonradan eniş oldu və özlərinə gələ bilmədilər. “Keşlə”nin də növbəti mövsümdə öz gücünü göstərəcəyinə inanıram. “Sabah” da pis mövsüm keçirmədi. Bəzi oyunlarda çox yaxşı “performans” sərgilədilər. “Qəbələ” və “Sumqayıt” üçün də uğurlu mövsüm oldu. “Qəbələ” ölkə kubokunun finalında “Sumqayıt”ı məğlub edib, ilk kubokunu qazandı. “Sumqayıt” da zəif olmadığını göstərdi. Yaxşı infrastrukturu olan bir komandadır. İnanıram ki, “Sumqayıt” da gələcəkdə Azərbaycanı Avropa Liqasında layiqincə təmsil edə biləcək. Bütün bunlardan başqa, ən çox sevindirici hal, “Qarabağ”ın gənc futbolçusunun bombardir olması idi. Mahir Emrelini deyirəm. “Qarabağ”ın bu çempionluğunda Mahirin bombardir olması çox sevindiricidir.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin