Müharibədən “ən yaxşı futbolçu” ünvanına gedən yol- Yazı+Fotolar

“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçin maraqlı həyat hekayəsi var.

Komanda.az 6 yaşında fəlakətlər, faciələr görən, ancaq 32 yaşında karyerasının zirvəsinə yüksələn Modriçin həyat hekayəsini təqdim edir:

Modriç 1985-ci il sentyabrın 9-da, o dövrdə Yuqoslaviya adlanan ölkənin Zadar şəhərində anadan olub. O, 6 yaşında, Bosniya müharibəsi dövründə babasının serbiyalı üsyançılar tərəfindən öldürülməsindən sonra mühacir həyatı yaşamağa məcbur olub. Modriçin gözləri qarşısında baş verən bu hadisələr, gələcəkdə də onun xatirəsində qalacaqdı.

Hay-küyün, çaxnaşmanın davam etdiyi illərdə, müharibə zonasında yaşayan və hər gün bomba səsləri eşidən Modriçin anası Radoyka Modriç fabrik işçisi, atası Stip Modriç isə hərbi texnikaları təmir edən usta idi.

Evlərinin dağıdılmasından sonra müharibə bitənə qədər, Zadar şəhərində bir oteldə qalan ailə, Modriçin yaşamasını təmin etdi.

Modriç ailəsinin qaldığı Kolovare otelinin bir idarəçisi, illər sonra verdiyi açıqlamada, “Hər gün bombalar partlayır, şüşələr qırılırdı. Buna baxmayaraq, Modriç otelin hər yerində, bunlara məhəl qoymayaraq, topla oynayırdı” deyib.

Ancaq Modriçin qarşısında bir sıra problemlər var idi. O, çox gücsüz və cılız idi. Yetirməsi olduğu “NK Zadar” klubunun prezidenti Modriçi belə tanıtdırırdı: “Yaşına görə çox cılız və balaca idi. Amma onun içində nələrinsə olduğunu görə bilirdik”.

Modriç 10 yaşında Mario Qrquroviçlə “Hayduk” (Split) klubuna baxışa dəvət edildi. Ancaq cılız olduğu üçün, klub Modriçi bəyənmədi və seçimini Qrquroviçdən yana etdi.

O dövrlər haqda danışan Qrquroviç bunları deyib:

“Zadar akademiyasında və Xorvatiya millisinin aşağı yaş qruplarında birgə oynayırdıq. O vaxtlar mən daha istedadlı biri kimi göstərilirdim. Lakin zaman göstərdi ki, mən Modriçin səviyyəsinə yüksələ bilmədim”.

Sonra Modriç, Zaqreb “Dinamo”sunun 17 yaşlılardan ibarət komandasına qəbul edildi. “Dinamo”dan “İnter” (Zapresiç) klubuna icarəyə verilən xorvat futbolçu, burda özünü inkişaf etdirdi və yenidən “Dinamo”ya qayıtdı.

2005-ci ildən “Dinamo”da forma geyinməyə başlayan Modriç, üç il ardıcıl Xorvatiya çempionu oldu, 2007-ci ildə isə ilin ən yaxşı futbolçusu seçildi.

Sərgilədiyi oyunla Avropa klublarının diqqətini çəkən Luka, 2008-ci ildə 21 milyon avro qarşılığında “Tottenhem” klubuna transfer olunur.

Qısa zamanda “Tottenhem”də liderə çevrilən Modriç, 2010/11 mövsümündə komandasının Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksəlməsində əsas rol oynayır. Və bu, onun 2012-ci ildə 33 milyon avroya “Real”a transfer olmasına gətirib çıxarır.

Daha sonra Madrid təmsilçisiylə ardıcıl titullar qazanan yarımmüdafiəçi, Xorvatiya millisinin DÇ-2018-də gümüş medalçı olmasında əsas pay sahiblərindən biri olur. Təsadüfi deyil ki, 33 yaşlı yarımmüdafiəçi 2018-ci ilin ən yaxşı futbolçusu da seçilir.

Modriçin 6 yaşında fəlakətlərlə başlayan həyatı, 2018-ci ildə qazandığı uğurlarla nəticələnir. Onun bu hekayəsi, futbola yeni başlayan uşaqlar üçün də bir stimul ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button