Mircavadov: “Sabah”ın baş məşqçisi ilə maraqlandım, harda işləyibsə…” – MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– “Sabah”ın UEFA Avropa Liqasında keçirdiyi oyunlarla bağlı fikirlərinizi bölüşərdiz.

– Hazırlıqdan asılıdır, çünki gec başladılar. Məlum şeydir ki, birinci oyunla dünənki arasında fərq böyükdür. Dünənki oyun daha da yaxşı alındı, nəinki ilk oyunda. Bilirsiz, əsas hazırlıqdır. Avropaya hazırlıq vaxtında olmalıdır. Heç olmasa, buna beş həftə ayrılmalıdır. Fiziki komponentləri hər həftə hissə-hissə etməlisən. Və bir də ki, oyun təcrübəsi, oyunçuların oyun praktikası olmalıdır. “Sabah” bir məşqçi ilə ölkə kubokunun qalibi oldu, amma Avropada başqa məşqçi ilə çıxış edir. Yəni ki, yenə də deyirəm, vaxt azlığı özünü dünənki oyunda göstərdi. Komanda son 30 dəqiqədə yoruldu. Bu, məlum şeydir, çünki yenə də deyirəm, hazırlıq… Amma dünənki oyun birincinə nisbətən çox keyfiyyətli idi. Səhvlər də oldu. Necə ki, birinci oyunda cərimə meydançasında müdafiəçilər düzgün mövqe tutmadılar. Mən üçüncü qolu deyə bilərəm ki, künc zərbəsi zamanı onların mərkəz müdafiəçisi bizim oyunçu ilə dayanmışdı. O, topa tərəf açıldı amma “Sabah”ın oyunçusu yerində dayandı. O da üçüncü qolu qapımızdan keçirdi. Yəni, bu sadə səhvlərdir. Bu səhvlər olmamalıdır. Adətən qayda elədir ki, künc və ya cərimə zərbələri zamanı cərimə meydançasında kim hansı oyunçu ilə oynayıbsa, onunla axıra kimi oynamalıdır. Yəni, bu, komandanın baş məşqçisinin fikirlərindən asılıdır. Bir var birə-bir oynayırsan, bir də var ki, eyin xətdə oynayırsan. Bunlar tam başqa şeylərdir. Amma dediyim kimi, dünənki oyun keyfiyyətli idi. Bir də ki, sonuncu qol vurulanda onların oyunçusu müdafiəçinin arxasından çıxdı, orda olan futbolçu onu ya itirdi, ya da görmədi. Amma yenə də deyirəm, dünənki oyun mənim xoşuma gəldi, komanda bir arada idi. Hamısı çalışırdı, işləyirdi. Yenə də adi səhvlər etdilər. Ona görə də, o səhvlərin üzərində işləmək lazımdır.

– “Sabah”dan Konfrans Liqasında gözləntiləriniz nədir?

– Artıq son mərhələdir. Avropada oynamaq istəyirlərsə, qələbə qazanmalıdırlar. Bilirsiz, yenə deyirəm, komanda hazır olmayanda, yəni, vaxt az olanda, həftəlik oyunlardır, belə olanda, çox fiziki məşqlər vermək olmur, çünki qarşıda əsas oyun var. Ona görə, yenə də hazırlıq lazımdır. Bu artıq yeni məşqçinin keyfiyyətindən, ağlından asılıdır.

– Necə düşünürsüz, Valdas Dambrauskas seçimi düzgündür?

– Bu haqda heç nə deyə bilmərəm. Çünki bu, klubun rəhbərlərindən asılıdır. “Sabah”ın baş məşqçisi ilə maraqlandım, harda işləyibsə, uğurları olub. Düzdür, belə baxanda, İspaniya, Fransa, İtaliya deyil, amma yaddan çıxarmayaq ki, Baltikyanı ölkələrdə də yaxşı məşqçilər, yaxşı komandalar var. Hələ SSRİ dönəmində Litvanın bir komandası var idi, “Jalqiris”, onun baş məşqçisi də çox ağıllı idi, onunla yaxınlığım da var idi. Çox güclü klub idi. Yəni, burada hansı ölkədən gəlir yox, iş birliyindən, klubun prezidentindən, rəhbərlərindən asılıdır.

– Məşqçilərdən söz düşmüşkən, “Sumqayıt”, Premyer Liqaya vəsiqə qazanan “İmişli” “sükan”ı əcnəbi mütəxəssisə tapşırdı. Sizcə, bu cür komandalara rəhbərlik edə biləcək səviyyədə yerli məşqçilər yoxdur?

– Var, çox yaxşı məşqçilərimiz var. Mən bunu açıq deyə bilərəm, yaxşı mütəxəssislərimiz var. Yaşlı məşqçiləri işləməyə qoymadılar, cavanları da oxutdurdular. Bizdə səhv eləmirəmsə, 40-dan çox klub məşqçimiz var. Onlara inanmaq lazımdır. Klub rəhbərləri azərbaycanlı məşqçilərə inanmalıdır. İnansalar, çox şey əldə edə bilərlər.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button