Mircavadov, Ramazanov və Messi
Rəşad Ergün
O günlərdə, məşqçilik karyerasında yolu ölkənin əsas milli komandasından tutmuş, “Neftçi”yə, “Şəmkir”ə, “Xəzər Lənkəran”a kimi – imkanlı klublara düşmüş Ağasəlim Mircavadov telekanallardan birində Premyer Liqaya tətbiq olunan limitlə bağlı danışırdı. Mircavadov israrla sübut etməyə çalışırdı ki, əcnəbi futbolçulardansa, yerlilərə şans vermək yaxşıdır, Azərbaycan futbolunun gələcəyini düşünmək lazımdır və sair və ilaxır. Arada fürsət tapıb, baş məşqçi olduğu dövrdə qazandığı uğurlarda azərbaycanlı futbolçuların rolunu da qabartdı: dəfələrlə Azərbaycan çempionu, “Birlik Kuboku”nun qalibi…
Mircavadovun “Xəzər Lənkəran”da baş məşqçi olduğu dövrdə komandasının ulduz futbolçusu Zaur Ramazanov idi. Həmin Ramazanov ki, məşqlərə kefi istəyəndə çıxırdı. Hətta deyilənlərə görə, Zaur yatıb qalırmış, komanda məşqə onsuz başlayırmış və bu, artıq Mircavadovun baş məşqçi olduğu kollektivdə qaydaya çevrilibmiş. Ramazanov öz dönəmində Azərbaycan səviyyəsində yaxşı, istedadlı futbolçu sayılırdı. Amma ağlınıza gətirə bilirsizmi ki, müasir futbolun ən istedadlı futbolçusu olan Lionel Messi “Barselona”nın məşqlərinə qatılmasın, baş məşqçi onu oyatmağa kimisə göndərsin, argentinalı da “zəhləmi tökmə, görürsən yatıram” desin? Adam nələrə sahibdir, bilirsizmi? Azərbaycan futbolunun ümumi büdcəsindən dəfələrlə artıq pulu var, başda baş katib Elxan Məmmədov olmaqla AFFA-da çalışanlara, Mircavadov kimi onlarla, yüzlərlə futbol veteranına ömürlərinin axırınadak təqaüd verə, xeyli sayda stadion, hətta bəlkə şəhər tikdirə bilər.
Ağasəlim müəllim, legioner futbolçulara tətbiq olunan limit buna görə götürülməlidir. Ramazanovlara, gedib Avropanın yarısını gəzib-dolaşıb, əli ətəyindən uzun qayıdan abdullayevlərə, cavadovlara, qurbanovlara, nəsirovlara görə.
Azərbaycan klublarında azərbaycanlı futbolçuların üstünlük təşkil etdiyi, söz sahibi olduğu illər bizə nə qazandırdı? Mehman Allahverdiyevli “Kəpəz” yadınızdadırmı? Ölkədə titul qoymurdu, hamısına sahib olurdu, ayağını Biləcəridən kənara basan kimi başından vururdular, özü də elə-belə vurmurdular ha, hər dəfə elə vururdular ki, Gəncə komandası bir az da kiçilirdi, cılızlaşırdı, yumağa dönürdü.
Bəs Ağasəlim Mircavadov azərbaycanlı futbolçularla nələr qazandı? Sayı-hesabı bilinməyən Azərbaycan çempionluğu, bir də, “Birlik Kuboku”. O “Birlik Kuboku” ki, biz onu qazanmağa başlayanda ruslara, ukraynalılara lazım deyildi, artıq iyrənmişdilər, bezmişdilər. Mircavadovun özünün Azərbaycan futbolu adına yaddaqalan yeganə uğuru Çempionlar Liqasında “Şəmkir”lə “Skonto”nu keçməsi olmayıbmı? Azərbaycanlıların çoxluq təşkil etdiyi, amma baş rollarda legionerlərin – Badri Kvaratsxeliyanın, Viktor Kulikovun olduğu “Şəmkir”.
Milli komandalar? Narahatsız? Doğrudan narahatsız? Düşünürsüz ki, legionerlər azərbaycanlı futbolçuların inkişafına mane olacaq, nəticədə milli komandalarımız uğur qazana bilməyəcək? Bir daha soruşuram, həqiqətən belə düşünürsüz? Bir bina təsəvvür edin, bünövrəsini, birinci mərtəbəsini su basıb, siz isə binanın damının qayğısına qalırsız. Buraxın, yoldaşlar, buraxın o “dam”a hardan uçub gəlməsi fərq etmədən “quşlar” qonsun, siz bünövrəni, birinci mərtəbəni sudan xilas edin. İzah edə bildimmi? Yoxsa mütləq “siz nə vaxt azərbaycanlı futbolçu yetişdirdiz ki, indi də onun klublarda əsas heyətdə oynamasının davasını edirsiz” sualını verməliyəm?
Bizi Facebook-da izləyin