Ağasəlim Mircavadov: “Sabah” sanki nəyisə gözləyirdi”

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları yekunlaşıb. Təmsilçilərimizdən “Sabah” evdə “Levski”yə 0:2, “Araz-Naxçıvan” səfərdə “Omoniya”ya 0:5 hesabı ilə məğlub olub. Bununla da, hər iki komanda avrokuboklarla vidalaşıb.

AFFA Məşqçilər Komitəsinin üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Sabah”la “Araz-Naxçıvan”ın avrokubok oyunlarındakı uğursuzluğunun səbəbləri haqda Komanda.az-a açıqlama verib. O, avrokubok oyunlarında komandalarda əcnəbi futbolçuların sayının çox olmasından narazılığını ifadə edib:

“Legioner limitinin ləğvi klublar üçün düşərli olmadı. “Sabah”da birinci hissədə 10 legioner və 1 azərbaycanlı oynayırdı. İkinci hissədə də 11 legioner oynayırdı. Bu, mənim fikrimcə, uğursuz oldu. Bu, “Araz-Naxçıvan” üçün də uğursuz oldu. Yaddan çıxarmayaq ki, yığma komandamız tezliklə İslandiya millisi ilə oynayacaq. Bu, baş məşqçi üçün çətin olacaq. Futbolçularımızda oyun praktikası yoxdur və bu halda qələbə çalmaqda çətindir.

“Sabah” Bolqarıstanda bundan yaxşı oynadı. Komanda sanki nəyisə gözləyirdi. “Levski” çox hücum edirdi, topla yaxşı oynayırdı. Rəqibin heyətində 6 bolqarıstanlı futbolçu oynayırdı. “Sabah” çox zəif oynadı. Komanda gözləyirdi ki, əks-hücumda oynayaraq uğurlu olsun. Lakin hücumla orta xətt arasında boşluqlar var idi. “Levski”nin topa kontrolu yaxşı idi. Heyətlərində gənc oyunçular oynayırdı. Təhlil lazımdır. Gələn il necə olacaq, bilinmir. Əsas, çempionatda bilinəcək ki, klublarımız nə vəziyyətdədir.

“Araz-Naxçıvan”a gəldikdə, komanda birinci mərhələdə çox gözəl oynadı. Uğursuzluğun səbəbi yorğunluq da ola bilər. Böyük səhvlər oldu. “Omoniya” layiqli qələbə qazandı.

Çempionatımız da başlayır. Bütün komandalara uğurlar”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button