“Milliyə baş məşqçi təyin olunsam, layiqincə çalışacam” – Tərlan Əhmədov
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda (1:3) danışıb.
Komanda.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Bu gün çalışırdıq ki, uğurlu çıxışımızı davam etdirək. Rəqibin hansı səviyyədə olduğunu bilirdik. Heç olmasa, bir xal qazanmağa çalışırdıq. Komandam səhvsiz oynamağa çalışırdı. Penalti olmasaydı, daha fərqli ola bilərdi. Ondan sonra bir neçə xəta müşahidə etdim. “Qarabağ” kimi topa sahib olub hücuma çıxmağa çalışmaları məni sevindirdi. Premyer Liqada qalmaq əsas məqsədimizdir.
Penalti epizodu sınma nöqtəsi idi. Rəqibdən ikinci qolu buraxmaq psixoloji gərginliyə səbəb oldu. Düşünürəm ki, məğlubiyyət qaçılmaz idi. Təmiz penalti epizodu idi. İrad tutulası məqam yox idi. Belə oyunlarda çox diqqətli olmaq lazımdır. “Qarabağ” səhvləri bağışlamır. Çalışırdıq ki, sarı vərəqəsi olan futbolçuları qoruyaq. “Qarabağ” çempionluq yolunda liderdir. Onlar elə bir səviyyədədir ki, istənilən oyunda istənilən formada çıxış edə bilərlər.
Azərbaycan milli komandasında işləmək şərəfdir. Onun ağır günlərində biz çalışmışıq. Zaman dəyişib. Mən oraya təyinat alsam, layiqincə çalışacam. Bir Azərbaycan vətəndaşı, oğlu, kişisi kimi. Yığmada milli mütəxəssis çalışmalıdır. Klublarımızın çoxunun səviyyəsi o qədər də yüksək deyil. Tək “Qarabağ”dan başqa.
Stadion məsələsi ilə bağlı sualı mətbuat xidmətinin rəhbərinə versəniz, yaxşı olar. “Kəpəz” Gəncədə oynasa, daha yaxşı olar. Azərbaycanda “Neftçi”, “Kəpəz”, “Zaqatala” öz sözlərini deməyənə qədər, futboldan danışmaq bir az çətin olar. Bu gün futbol sevgisini geri qaytarmalıyıq. Mən istəmərəm ki, Gəncənin “Kəpəz” komandası başqa meydançada oynasın. Niyə öz stadionumuz olmasın?
Bizim elitada qalmağımız hələ rəsmiləşməyib. Əsas üç oyun var ki, biz onlardan maksimum nəticə ilə ayrılmalıyıq. Mənimlə müqavilənin uzadılması məsələsi hazırda gündəmdə deyil”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin