Millinin baş məşqçisi: “Hazırlıq heç də ideal şəkildə keçmir”
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsinin Yunanıstanla keçiriləcək görüşünü dəyərləndirib.
Komanda.az xəbər verir ki, o, matça hazırlığın yüksək səviyyədə keçmədiyini bildirib:
“Yunanıstanla oyunda qələbə şansımız 70 faizdir. Hazırlıq heç də ideal şəkildə keçmir. Çünki çox az vaxtımız var. Bu da FİFA-nın təyin elədiyi zamanla əlaqədardır. Cəmi 4-5 günlük oyun pəncərəsi günü var. Yoldaşlıq görüşü də keçirə bilmədik. Cəmi 5 məşqimiz olacaq. Buna baxmayaraq, qarşıya qoyulan məqsədə çatmağa çalışırıq”.
Braziliyalı mütəxəssis Yunanıstanla oyunun əhəmiyyətli olacağını diqqətə çatdırıb:
“Yunanıstanla artıq üç dəfə oynamışıq və hər üçündə qalib gəlmişik. Onların növbəti mərhələ üçün şansları yoxdur. Bununla belə, qrupu qalibiyyətsiz tamamlamamağa çalışacaqlar. Hazırlığımızı qarşıdakı iki görüş üçün nəzərdə tutumuşuq. İlk olaraq Yunanıstanla matça köklənmişik. İndiki məqamda bu, daha əhəmiyyətli matçdır. Ondan sonra Polşa ilə görüşü düşünəcəyik”.
Alesio Da Silva zədədən əziyyət çəkən Fineo De Araujonun durumu barədə danışıb:
“Yalnız Fineoda yüngül zədə var. Ancaq bu da onun oynamasına mane olmayacaq. Düzdür, Amir Şojaei zədə ilə bağlı qarşıdakı matçlarda iştirak edə bilməyəcək. Ancaq onun yoxluğu problem yaratmayacaq. Çünki yaxşı heyətimiz var”.
Azərbaycan millisi martın 3-də Bakıda Yunanıstanla, 7-də isə səfərdə Polşa ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin