Millimizə qələbə qazandıran 17 yaşlı istedad…
Əmir
Dünən Braziliya millisi yoxlama oyununda səfərdə İngiltərəyə minimal hesabla qalib gəldi. “Sambaçılar”ın qolunu 17 yaşlı (!) Endrik vurdu.
Deyəcəksiz pentakampeonların “Uembli”də futbolun yaradıcılarını məğlub etməsindən bizə nə? Amma bu məlumatla qarşılaşanda istər-istəməz bir sual beynimdə canlandı: Azərbaycan millisində son illərdə 17 yaşlı uşaq meydanda olubmu? Sonuncu dəfə hansımız bu cür halla rastlaşmışıq? Məncə, heç birimiz.
Ümumiyyətlə, hansı klubumuz mütəmadi olaraq 17 yaşlı yeniyetməyə güvənib? Sanki “əşi, Braziliya hara, biz hara? Dünyanın futbol fabriki ilə bizi niyə müqayisə edirsən?” dediyinizi eşidirəm… Amma elə işin əsl təəccüblü və təəssüfləndirici tərəfi də bundadır. Az qala ağacların da “top çilədiyi” Braziliyada 17 yaşlı “südəmər”in millinin heyətində şans qazanması daha çətin, hətta mümkünsüz olmalıydı, nəinki istedadlı yerli futbolçunu samanlıqda iynə axtaran tək gəzən Azərbaycan futbolunda…
Yox, Azərbaycanda məsul görüşdə 17 yaşlı istedada şans verməzlər, qorxarlar… Sınar, həvəsdən düşər, bacarmaz deyə. Məşqçilər qorxar, həmin yeniyetmənin səhvindən komandası məğlub olsa, klub rəhbərliyi qarşısında özünü müdafiə etməyə söz tapmaz deyə… Həmin uşaq qorxar, meydana çıxıb hansısa səhv etsə, ölkə futbolunda azarkeş, jurnalist qarışıq əksəriyyət tərəfindən barmaqla göstərilər deyə…
Baxın, cənablar, ölkə futbolunun əsl problemi ayrı-ayrı simalar yox, məhz bu və buna bənzər yanaşmalardır. Nə qədər ki, futbola baxışımızı dəyişməyəcəyik (ayrı-ayrı fərdlər yox, kütlə halında) ciddi irəliləyişə nail olmayacağıq.
P.S. Gün o gün olsun, “millimiz Monqolustana (İngiltərə demirəm ha) 17 yaşlı futbolçunun qolu ilə qalib gəldi” manşetləri görək…
Bizi Facebook-da izləyin