Azərbaycan millisinin rəqibi İspaniya və İsraillə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya yığması AÇ-2020 öncəsi yoldaşlıq oyunları keçirəcək.
Komanda.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə Fernando Santosun başçılıq etdiyi kollektivin İspaniya və İsrail yığmaları ilə qarşılaşacağı diqqətə çatdırılıb. Matçlar müvafiq olaraq iyunun 4-də və 9-da baş tutacaq.
Avropa çempionatının final mərhələsində F qrupunda yer alan portuqaliyalılar turnirə iyunun 15-də Budapeştdə Macarıstana qarşı oyunla start verəcəklər. 4 gün sonra Münhendə Almaniya millisi ilə üz-üzə gələcək komanda qrupun son matçını iyunun 23-də Fransaya qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin