Millidən ayrıldığını təkzib etdi: “Azərbaycanı təmsil etməkdən qurur duyuram”

Olimpiya Oyunlarının təsnifat mərhələsinə hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yekaterina Jidkova haqqında gəzən şayiələrə cavab verib.

Komanda.az xəbər verir ki, hücumçu yığmamızdan ayrılmasına dair xəbərlərin doğru olmadığını bildirib:

“Son günlər mətbuatda mənim milli komandadan ayrılmağım və bir daha millinin formasında Azərbaycanı təmsil etməyəcəyim kimi yazılar yazılıb. Qısa da olsa, buna dair açıqlama vermək istəyərdim. Mən Azərbaycanı təmsil etməkdən qurur duyuram. Olimpiya təsnifat oyunlarının Bakıda keçirilən hazırlıq mərhələsində son günə kimi məşqlərdə iştirak edirdim. Bildiyiniz kimi, hazırlığa 30-a yaxın idmançı cəlb edilmişdi. Buna baxmayaraq, ölkə xaricində keçirilən təlim-məşq toplanışında 15 voleybolçu iştirak edəcək. Mənim də bu 15-likdə olmamağıma hər hansı bir səbəb yoxdu. Bu, baş məşqçinin qərarıdı və mən bunu bir idmançı kimi normal qəbul edirəm.

Əlbəttə, Olimpiya təsnifat oyunlarında mən də ölkəmizi təmsil etmək istərdim. Millimizi daha sonra Avropa Çempionatı gözləyir. Ümid edirəm ki, qarşıdakı yarışlarda mən də əsas “14-lük”də yer alaram”.

Qeyd edək ki, millimizin seçmə mərhələ üçün heyətində Jidkovanın yer almaması diqqət çəkmişdi. Bu üzdən də mətbuatda voleybolçunun yığmadan ayrıldığı və bir daha millimizin formasını geyinməyəci qeyd olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button