“Millidə ad məsələsi əsas kriteriya kimi götürülməyəcək” – MÜSAHİBƏ

İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə müsahibə verib.

Komanda.az xəbər verir ki, federasiya rəsmisi milli komandanın baş məşqçi postundan gedən Canni De Byazi haqda da danışıb:

– Canni De Byazi özü bunu etməsə, İcraiyyə Komitəsi onunla müqaviləni uzatmağı düşünürdü?

– Bu suala cavab vermək çətindir. Çünki bu bir az başqa istiqamətdə cərəyan edəcək hadisələr idi. Prossedur var və ilk növbədə baş məşqçinin hesabı dinlənilməlidir. Onun hesabatı dinlənildikdə, özü tərəfindən bu cür xahiş olundu. Xahiş olmasaydı, İcraiyyə Komitəsi hansı qərarı verəcəkdi, mənim üçün demək çətindir. 

– Hamı gözləyirdi ki, İcraiyyə Komitəsi italiyalı məşqçi ilə bağlı qərar versin, amma görünür, De Byazi özü getməsini xahiş edib. İclasın da 10 dəqiqəsindən sonra AFFA-nın binasını tərk etdi…

– Öz fikrini bildirsə də, İK müəyyən müzakirələr apardı. Sonda İcraiyyət Komitəsi də nəticələri nəzərə alaraq, belə qərara gəldi ki, müqavilənin uzadılmaması ən düzgünüdür. 

– İclasda başqa nələr müzakirələr edildi?

– Xüsusi işçi qrup yaradılacaq. Orada İcraiyyə Komitəsi tərəfindən də müəyyən üzvlər yer alacaq. Ehtimal var ki, kənardan da müəyyən mütəxəssislər cəlb olunsun və həmin işçi qrup tərəfindən baş məşqçi postuna müəyyən təkliflər verilsin. Əlbəttə ki, detallı şəkildə hər bir amillər nəzərə alınaraq, analiz olunacaq. Ondan sonra təkliflər İcraiyyə Komitəsində yenidən müzakirəyə çıxarılacaq və qərar veriləcək. İşçi qrupunun üzvləri ilə bağlı bu dəqiqə məlumat verə bilmirik. Yaxın zamanlarda məlumat veriləcək.

– Uzun illərdir ki, əcnəbilər millimizi çalışdırır. Yerli məşqçilər üzərində dayanmağın vaxtı çatması barədə iclasda müzakirələr aparıldı?

– İclasda müxtəlif fikirlər səsləndirildi. Bu barədə fikir mübadiləsi də aparılırdı. İcraiyyə Komitəsəsinin müxtəlif üzvləri tərəfindən müxtəlif fikirlər səsləndirildi. Siz dediyiniz fikrə də uyğun fikirlər səsləndirildi.

– Baş məşqçi məsələsinə nə vaxt aydınlıq gətiriləcək?

– Növbəti oyunumuz martdadır, o da yoldaşlıq oyunudur. Məqsədəuyğun odur ki, həmin yoldaşlıq matçlarından bir neçə ay öncə artıq baş məşqçi məsələsi həllini tapsın. Hələ ki, son tarix qoyulmayıb. Amma düşünürəm ki, yaxın bir-iki ay ərzində məsələ öz həllini tapa bilər.

– Yeni baş məşqçi seçilərkən hansı kriteriyalar əsas götürüləcək? Əsas məsələ ad olacaq?

– Xeyr, ad məsələsi əsas kriteriya kimi götürülməyəcək. Müzakirələr əsasında onu deyə bilərəm ki, vacib kriteriyalardan biri yerli mentaliteti və yerli futbolçuları tanıyan, daha çox yerli mədəniyyətə uyğun namizədin olmasıdır.

– O zaman belə çıxır ki, yerli mütəxəssislərin şansı daha yüksəkdir?

– Bu dəqiqə yüz faiz bunu demək çətindir. Amma millinin yeni baş məşqçisinin yerli olması ehtimalı az deyil.

– Canni De Byazinin mətbuatla bağlı dedikləri iclasda müzakirə edildi? Qınaq kimi ona nəsə deyildi?

– Bəli, bu məsələ də müzakirə olundu və qınanıldı. Belə halların olması İcraiyyə Komitəsi tərəfindən birmənalı şəkildə pislənildi.

– De Byazi deyir ki, üç ildə yığma inkişaf etdi. İcraiyyə Komitəsi bu haqda nə düşünür?

– De Byazi dinlənildi və müzakirələr aparıldı. İcraiyyə Komitəsi onunla müqavilə uzadılmamasına qərar verəndə, təbii ki, nəticələri də nəzərə alınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button