“Milli komandada sabitlik yoxdur” – “Səbail”in futbolçusu
“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə mərhələsində qeydə alınan nəticələri ilə bağlı danışıb. Yığma komanda Avstriya ilə matçda 1:4, İsveçlə qarşılaşmada isə 0:5 hesabı ilə uduzub.
Komanda.az xəbər verir ki, Əmirquliyev qol buraxdıqdan sonra futbolçuların ruhdan düşdüyünü vurğulayıb:
“Millinin AÇ-2024-dəki oyunlarını mən də izləmişdim. Böyükhesablı məğlubiyyətlər aldıq. Oyunlara baxsaq, xüsusilə də, ikinci matçın birinci hissəsində milli çox yaxşı mübarizə aparırdı. Amma sonda 0:5 hesabı ilə uduzduq.
Milli komandada sabitlik yoxdur. Komanda ilk hissədə yaxşı oynayır, amma qol buraxandan sonra futbolçular ruhdan düşür. Heyətdə perspektivli, oynaya bilən, bacarıqlı futbolçular var. Lakin uşaq səhvlərindən qollar buraxırıq. Nəticədə, futbolçular özünə gələ bilmir, komanda ruhdan düşür. Əlbəttə, burada baş məşqçinin də rolu var”.
Xatırladaq ki, Azərbaycan yığması AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda 0 xalla sonuncudur.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin