“Milan”ın sabiq hücumçusu Liqa 1-də klubunu dəyişdi
Futbol üzrə Seneqal yığmasının hücumçusu Mbaye Nyanq Fransanın “Bordo” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı forvard Liqa 1-in yeni iştirakçısı “Oser”ə keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Yeni klubuna azad agent kimi keçən futbolçu 2 illik müqaviləyə imza atıb.
Mbaye Nyanq 2021-ci ilin sentyabrından “Bordo”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 23 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Hücumçu daha öncə “Kan”, “Milan”, “Monpelye”, “Cenoa”, “Uotford”, “Torino”, “Renn” və “Əl-Əhli” klublarının da uğurları üçün çalışıb. O, Seneqal yığmasında 23 oyuna 4 qol vurub.
“Oser” Nyanqla yanaşı, Gideon Mensahı da transfer edib. “Zalsburq”dan transfer olan 24 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. “Oser”in bu keçidə görə Avstriya klubuna nə qədər pul ödədiyi açıqlanmır.
Gideon Mensah Avstriyada “Liferinq”, “Şturm Qrats”, Belçikada “Sulte Varegem”, Portuqaliyada “Vitoriya” (Gimaraynş) klublarının da formasını geyinib. Ötən mövsümdə isə o, icarə əsasında “Bordo”da oynayıb. Müdafiəçi Qana yığmasında da 4 oyun keçirib.
Nyanq “Oser”də 11, Mensah isə 14 nömrəli formanı geyinəcək.
Bizi Facebook-da izləyin