“Milan”da belçikalı yarımmüdafiəçi

İtaliyanın “Milan” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Volfsburq” klubundan Aster Vranksı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya nəhəngi Belçikadan olan 19 yaşlı yarımmüdafiəçini mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Aster Vranks peşəkar karyerasına “Mexelen”də başlayıb. O, 2021-ci ildən formasını geyindiyi “Volfsburq”da 29 oyuna çıxıb, 2 qol vurub. Yarımmüdafiəçi Belçikanın U-21 yığmasının da formasını geyinir.

Vranksı “Milan”a göndərən “Volfsburq” daha üç futbolçusu ilə yollarını ayırıb. Müdafiəçi Con Bruks azad agent kimi Portuqaliyanın “Benfika” klubuna keçib. Almaniyada dünyaya göz açsa da, ABŞ yığmasının formasını geyinən 29 yaşlı futbolçu 2017-ci ildən Bundesliqa klubunun uğurları üçün çalışırdı. O, bu komandada 146 oyun keçirib, 7 qol vurub. Təcrübəli müdafiəçi daha öncə yetirməsi olduğu “Herta”nın formasını geyinib. O, ABŞ millisində də 45 oyunda 3 qolla yadda qalıb.

İsveçrədən olan Renato Şteffen isə ölkəsinə qayıdıb və “Luqano” klubu ilə müqavilə bağlayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. 2018-ci ildən “Volfsburq”da çıxış edən 30 yaşlı vinger, burada 144 matç keçirib, 18 qol vurub. İsveçrə yığmasında 25 oyunda cəmi 1 dəfə fərqlənmiş yarımmüdafiəçi, daha öncə “Bazel”, “Yanq Boyz”, “Tyun”, “Soloturn” kimi klubların da formasını geyinib.

“Volfsburq” gənc hücumçusu Bartoş Byaleki də “Vitess”ə icarəyə verib. Polşadan olan 20 yaşlı forvard 2022/23 mövsümünün sonuna kimi Niderlandda oynayacaq. “Zaqlembe”nin (Lyubin) yetirməsi olan futbolçu 2020-ci ildən Almaniya klubunda forma geyinir. Gənc futbolçu geridə qalan 2 mövsümdə bu komandanın heyətində 36 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button