Messiyə gecə zəngi və bir “el klasiko”nun hekayəsi Yazı+Fotolar
Hazırda “Mançester Siti”nin baş məşqçisi olan Pep Qvardiolaya münasibət fərqlidir. Bəziləri onu tarixin ən yaxşısı olaraq dəyərləndirərkən, bəziləri işlədiyi komandaları çempion etməyin asan olduğunu vurğulayır.
Çalışdığı bütün klublarda çempion olmağı bacaran, 30-a yaxın kubok qazanan, hər zaman özünü inkişaf etdirməyə, “sükanı arxasında” olduğu komandalarda fərqli şeylər sınamağa çalışan Qvardiola, bu uğurlarına baxmayaraq, hələ də uğursuz mütəxəssis olaraq dəyərləndirilir.
2007-2008-ci il mövsümünü uğursuz keçirən “Barselona”da baş məşqçi Frank Raykardla Ronaldinyo arasında olan mübahisə, hollandiyalı mütəxəssisin komandadan göndərilməsi ilə nəticələndi. Kataloniya klubunun prezidenti Xuan Laporta, 2008-ci il mayın 8-də Pep Qvardiolanı komandanın baş məşqçi vəzifəsinə gətirdi. Həmin gündən başlayan tənqidlər, müzakirələr ispan mütəxəssisin hər oyunda özünü sübut etməsi ilə nəticələnirdi.
O, “Barsa”nın “sükanı arxasında” keçirdiyi ilk mövsümündə La Liqanı, kral kubokunu, İspaniya superkubokunu, Çempionlar Liqasını, UEFA superkubokunu və klublararası dünya çempionluğunu qazandı. Növbəti mövsümdə La Liqada keçirdiyi oyunların sadəcə birində məğlub olaraq, mövsümü 99 xalla başa vuran “Barselona”, yenidən çempion oldu. Katalonların baş məşqçisi kimi keçirdiyi 3-cü mövsümündə ardıcıl 23 oyunda məğlub olmayaraq, klub rekordunu qıran Qvardiola və komandası, La Liqa çempionluğunu, İspaniya superkubokunu qazandı, Çempionlar Liqasının qalibi oldu. Qvardiolanın Kataloniya klubunda keçirdiyi son mövsümündə çempionluğu “Real” qazansa da, “Barsa” 4 titul əldə etməyi bacardı. İspaniyada keçirdiyi 4 mövsümdə ümumilikdə 14 kubok qazanan Qvardiola, futbol karyerasına fasilə vermək qərarına gəldi.
Yenidən məşqçiliyə başlayan Qvardiola, karyerasını Almaniyada davam etdirməyi qərara almışdı. Almaniyaya getməmişdən əvvəl Nyu-Yorkda alman dili müəllimi tapıb, alman dilini öyrənməyə çalışan Pep, Münhen klubundakı ilk mətbuat konfransında almanca danışmışdı. 2013-2014 mövsümündən etibarən karyerasına “Bavariya”da davam edən Qvardiolanın oyun üslubu alman azarkeşlər tərəfindən sərt tənqid olunurdu. Bütün tənqidlərə qulaqlarını bağlamağı bacaran Pep, komandadakı mükəmməl işləyən sistemi daha da qüsursuz vəziyyətə gətirmək üçün çalışırdı. O, Münhen klubu ilə iştirak etdiyi Almaniya superkubokunda “Borussiya”ya məğlub oldu, amma UEFA superkubokunda “Çelsi”ni məğlub edərək, qazandığı kubokla azarkeşlərin könlünü aldı.
Qvardiola Almaniyada keçirdiyi 3 mövsümdə 3 dəfə Bundesliqa çempionluğunu, 2 dəfə Almaniya kubkunu qazandı. Daha sonra o, üç uğurlu ilin ardından Münhen klubundan ayrılaraq, “Mançester Siti”nin “sükanı arxasına” keçdi.
“Bavariya” klubu “Köln”lə oyundan əvvəl Qvardiolanın iş otağında çəkilmiş şəkil paylaşmışdı. Şəkildə, otaqda olan taktiki sxem taxtasında qapıçının yarımmüdafiə xəttində yer aldığı görünürdü. Təsadüf olduğu deyilən bu taktiki quruluşu, “Bavariya” oyunda əks etdirdi. Komanda həmin oyunda 10 nəfərlə hücuma keçərkən, qapıçı Manuel Noyer yarımmüdafiədə yer alırdı. Bu oyunda “Bavariya” 2:0 hesabı ilə qələbə qazanmışdı…
2009-cu ildə “Real”la keçirilən “el klasiko”ların birindən əvvəl rəqibin zəif tərəflərini tapmağa çalışan Pep, Lionel Messini “saxta 9 nömrə” mövqeyində oynatmaq qərarına gəlir. Bu taktikaya görə, Messi oyuna cinahda başlayacaq, amma texniki zonadan gələn işarədən sonra hücumda Samuel Eto ilə yerini dəyişdirəcəkdi. Gecə argentinalı hücumçuya zəng edən Pep, ona vacib bir şey deyəcəyini bildirərək, ofisinə çağırır. Mütəxəssis ona yeni mövqeyini izah edir və “Barselona” növbəti gün “Real”la keçirilən oyunda 6:2 hesablı tarixi qələbə qazanır.
Oyundan sonra “Real”ın müdafiəçisi Kristof Metzelderin dediyi sözlər Qvardiolanın taktikasının nə qədər işə yaradığını göstərir:
“Kannavaro ilə birlikdə nə edəcəyimizi bilmirdik. Geridə qalmalı idik, yoxsa Messini yarımmüdafiədə tutmalı idik, qərar verə bilmirdik. Heç bir fikrimiz yox idi”.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin