Messidən tarixi rekord, Di Mariyadan ilk
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, DÇ-2022-nin finalında Fransaya qarşı keçirdikləri matçın start heyətində yer alan 35 yaşlı hücumçu mundiallar tarixində ən çox oyun keçirən futbolçuya çevrilib.
O, uzun illərdir ki, Lotar Matteusa məxsus olan rekordu yeniləyib. Almaniya millisinin sabiq üzvü mundiallarda 25 oyuna çıxmışdı.
Xatırladaq ki, Messi bir neçə gün əvvəl verdiyi açıqlamada bu finalın onun üçün dünya çempionatlarında sonuncu oyun olacağını söyləmişdi. Bir sözlə, onun rekordu elə 26 oyundan ibarət olaraq tarixdə qalacaq.
Argentina millisinin digər təcrübəli futbolçusu Anxel Di Mariya da yeni rekorda imza atıb. O, DÇ-2022-nin finalında qol vurmaqla buna nail olub. Belə ki, Di Mariya mundialın, Amerika kubokunun və Olimpiya Oyunlarının finalında qol vuran ilk futbolçu olub. 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Di Mariyanın qolu Argentinaya qızıl qazandırıb. 2021-ci ildə isə yarımmüdafiəçi Amerika kubokunun finalında Braziliya ilə oyunda (1:0) qələbə qolunu vurub.
Bizi Facebook-da izləyin