Messi narahat və əsəbidir
PSJ-nin hücumçusu Lionel Messi “Barselona”nın ona təklif göndərməyəcəyindən narahatdır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu əsəbidir, çünki o, keçən həftə gələcəyi ilə bağlı qərar vermək istəyib, lakin “Barsa” ilə qeyri-müəyyənlik səbəbindən indiyə qədər bunu edə bilməyib.
Kataloniyalılar onunla qeyri-rəsmi danışıqlar aparır, amma Messiyə heç vaxt rəsmi təklif olmayıb. Bu, klubun La Liqa rəhbərliyi ilə iqtisadi planı müzakirə edərək aradan qaldırmağa çalışdığı maliyyə məhdudiyyətləri ilə bağlıdır.
Hələlik La Liqa rəhbərliyinin razılığını almaq mümkün olmayıb. La Liqa çərçivəsində növbəti müzakirə mayın 31-də baş tutacaq və bundan sonra 24 saat ərzində “Barselona” təmsilçiləri ilə əlaqə saxlanılacaq.
PSJ-nin futbolçusunun atası və agenti Xorxe Messi La Liqa rəsmilərinə zəng edərək vəziyyəti aydınlaşdırmağa çalışsa da, cavab ala bilməyib. “Barselona” hər şeyin qaydasında olacağına əmindir.
Messinin yaxın günlərdə yeni klubu ilə bağlı qərar vermək niyyətində olduğu bildirilir. Onun İngiltərə Premyer Liqası, Səudiyyə Ərəbistanı və MLS-dən təklifləri var.
Bizi Facebook-da izləyin