
Mbappenin rekord arzusu, canımızdan çıxmayan “Oser faciəsi” xofu
Parisdə – “Park de Prens”dəyik. Millimizin dünyanın ən güclü futbolçularına qarşı mübarizəsinə sayılı dəqiqələr qalıb. Oyunçular isinmə hərəkətlərini yerinə yetirir, kənardan baxanda hər şeyin qaydasında olduğu görünür. Oyunçular sanki sakitdir, deyilənləri nəzərə alsaq, belə güclü komanda ilə oyun üçün heç kimin ayaqları titrəmir.
Baş məşqçi Ayxan Abbasov qarşılaşmadan əvvəlki açıqlamasında komandanın ciddi hazırlaşdığını bildirib. O, futbolçulardan soyuqqanlı və səbirli olmalarını istəyib. İndi ortaya bir sual çıxır: bunu meydanda göstərə biləcəklərmi?
Mbappenin rekord arzusu
Fransa millisinin lideri, “Real”ın bombardiri Kilian Mbappe bu oyunda şəxsi hədəfini də gizlətməyib. O, mətbuat konfransında bildirib ki, Olivye Jiru ilə arasındakı 5 qolluq fərqi aradan qaldırmaq istəyir. Düzdür, o, bu fərqi sırf bu oyunda aradan qaldıracağını deməsə də, amma fürsət düşərsə, yararlanacağını da gizlətməyib.
Hazırda Jirunun hesabında 57, Mbappenin isə 52 qol var. Görünür, o, fürsət düşmüşkən tarix yazmaq niyyətindədir. Həm də, bu tarixi Azərbayacan millisinə 5 qol vurmaqla təkrarlamaq, hətta 6-cını vurub, yeni rekorda imza atmağı planlaşdırır. Yaman “iştahlıdır”, maşallah.
Ayxan Abbasovla ikinci sınaq
Millimiz bu gün yerli mütəxəssis Ayxan Abbasovun rəhbərliyi altında ikinci oyununa çıxır. Onun debütü – Bakıda Ukrayna yığmasına qarşı keçirilən oyun azarkeşlərdə nikbinlik yaratmışdı.
Bir gündə komandanı dəyişmək mümkünsüzdür, amma Abbasov futbolçulara psixoloji baxımdan müsbət təsir göstərə bilmişdi. Oyunçular meydanda əzmkarlıq nümayiş etdirmiş, döyüşkən ruh göstərmişdilər.
“Oser faciəsi” hələ unudulmayıb
Fransa ilə qarşılaşmadan qeyri-adi nəticə gözləmək reallıqdan uzaq olsa da, hər kəsin istəyi aydındır: meydanda sona qədər mübarizə aparan, rəqibin adından, kimliyindən çəkinməyən bir komanda görmək.
“Oser faciəsi” – o məlum 0:10 hesablı məğlubiyyət hələ də yaddaşlardan silinməyib. O nəticənin xofu az da olsa içimizdə yaşayır. Amma bu dəfə fərqli ruhda bir yığma var. Mübariz, istəkli və özünü göstərmək üçün meydanda olan oyunçular…
Təşəkkür, AFFA və “Misli”
Bu oyunun Parisdən işıqlandırılmasına şərait yaratdığı üçün AFFA-ya və dəstəyə görə “Misli”yə xüsusi təşəkkür düşür. Stadiondakı ab-hava doğrudan da təsiredicidir. Azsaylı olsa da, azərbaycanlı azarkeşlər “Park de Prens”də öz yerlərini tutublar. İndi isə gözlər meydandadır. Start fitinə dəqiqələr qalır…
Fəxri Rüstəmli, Paris
Bizi Facebook-da izləyin



