De Byazi Bəhlulu niyə “unudub”?

Mayın 27-də Türkiyə, iyunun 2-də Belarus, iyunun 6-da isə Moldova milli komandası ilə yoxlama oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazi 29 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 12-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

De Byazi “Sabah”ın müdafiəçisi və kapitanı Bəhlul Mustafazadəyə dəvət göndərməyib. Bu mövsüm Premyer Liqada 17 oyuna çıxan 24 yaşlı futbolçunun heyətdən kənarda qalması isə maraqlıdır. Belə ki, italyan mütəxəssis “Qarabağ”la mövsüm ərzində cəmi 10 oyuna çıxan Rahil Məmmədova dəvət göndərib, Bəhlul isə heyətdən kənarda qalıb. Mərkəz müdafiəçisi mövqeyinə “Qarabağ”dan Rahillə yanaşı, Bədavi Hüseynov, “Keşlə”dən Şəhriyar Əliyev, “Sumqayıt”dan Elvin Bədəlov və Höccət Haqqverdiyə də dəvət göndərilib.

“Sabah”ın heyətində son oyunlarda uğurlu çıxış edən Bəhlulun yığmaya dəvət olunmamasının səbəbi məlum deyil. Müdafiəçi tam sağlamdır və heç bir zədəsi yoxdur.

2019-cu ilin noyabrında Azərbaycan yığmasında debüt edən Mustafazadə millinin heyətində 11 oyun keçirib. O, bu oyunlarda cəmi bir dəfə sarı vərəqə ilə cəzalanıb.

Azərbaycan yığmasına “Sabah”dan 3, “Neftçi”dən 3, “Sumqayıt”dan 8, “Qarabağ”dan 9, “Zirə”dən 2, “Keşlə”dən 2, Ukraynanın “Minay” klubundan isə 2 futbolçu çağırılıb. “Səbail” və “Qəbələ” klublarından isə heç kimə dəvət göndərilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button