Maskerano niyə Qvardiolaya yox, Enrikeyə bənzəmək istəyir?
“Barselona”nın keçmiş müdafiəçi, hazırda Argentinanın 20 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edən Xavyer Maskerano məşqçilikdə nümunə götürdüyü mütəxəssisin adını açıqlayıb.
Komanda.az xəbər verir ki, Maskerano “Barsa”nın sabiq baş məşqçisi Xosep Qvardiolaya bənzəmək istəmədiyini etiraf edib:
“Etiraf edirəm ki, mən daha çox Luis Enrike kimi olmaq niyyətindəyəm. Çünki bilirəm ki, heç vaxt Qvardiolaya çata bilməyəcəm. Luis Enrike ilə üç təsirli il keçirdim. Biz məşqçilərin oyunçular üçün əhəmiyyətindən danışanda, bu zaman qazanılan titulları deyil, həmin mütəxəssislərin karyeramıza təsirini vurğulamalıyıq.
Əlbəttə, “Barselona”da belə köklü dəyişikliyə görə ən təsirli mütəxəssis Qvardiola ola bilər. Lakin Luis Enrike də ondan qalan komandanı daha bir addım irəliyə aparmalı idi.
Qvardiola üstündür, dahidir və onu təqlid etmək qeyri-mümkündür. Ona görə də, hesab edirəm ki, Enrikeni izləmək bir məşqçi üçün daha əlçatan hədəfidir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin