Maşallah Əhmədovun ədaləti
Rəşad Ergün
Ulduz futbolçu (!) Maşallah Əhmədov ARB24 telekanalında yayımlanan “Oyundankənar” verilişində Gəncənin “Kəpəz” klubu ilə bağlı gurultulu açıqlamalar verib.
Verilişin aparıcısının ona “veteran futbolçu” deməsinə irad bildirən Maşallah bəy, özüylə bağlı “ulduz futbolçu” ifadəsinin işlədilməsini tələb edib. Olsun. Əhmədova veteran yox, “ulduz futbolçu” deməklə nə Lionel Messinin, nə Kriştiano Ronaldonun, nə də başqa ulduzların xətrinə dəyərik. Məsələ bu deyil.
Məsələ burasındadır ki, “Neftçi”nin keçmiş futbolçusu verilişdə “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadirinin ünvanına xeyli kəskin iradlar bildirib. Əhmədov deyib ki, Nadiri çayxanada işləyib, futboldan xəbəri yoxdur, amma gəlib futbol klubunda rəhbər vəzifə tutur.
Açığı, İlqar Nadirini nə şəxs olaraq, nə də klub rəhbəri kimi yaxından tanıyıram. İnsani, futbol adamı keyfiyyətləri barədə o qədər də bilgiyə sahib deyiləm. Amma Maşallah Əhmədovun çıxışına qulaq asdıqca, gözümün önündə futbolla yaxından-uzaqdan əlaqəsi olmayan Rövnəq Abdullayevin 14 ildir Azərbaycan futboluna – AFFA-ya rəhbərlik etməsi canlandı.
Maşallah Əhmədovu dinlədikcə, futbola ayaq basana kimi “Natavan” Biznes Mərkəzində direktor müavini, “Natavan” şirkətinin və “Baku Investment Ltd”-nin icraçı direktoru vəzifələrində işləmiş Elxan Məmmədovu xatırladım.
Sonra nə qədər xatırlamağa çalışsam da, Maşallah Əhmədovun Rövnəq Abdullayevin, Elxan Məmmədovun keçmişlərinə aid açıqlamaları yadıma düşmədi. Heç cürə yadıma sala bilmədim ki, Maşallah bəy 14 ildə bir dəfə də olsun Rövnəq Abdullayev barədə “get quyunu qaz, neftini çıxar, futbol sənlik deyil” ifadəsini işlətmiş olsun.
Ədalətli insan olmaq ulduz futbolçu olmaqdan qat-qat ağır və çətindir, Maşallah Əhmədov. Və bunu indiyədək kimsə sizə deməyibsə, mən deyim: siz heç birini bacarmamısız.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin