Martinesdən Kevin de Bruyne ilə bağlı açıqlama
Futbol üzrə Belçika milli komandasının baş məşqçisi Roberto Martines yığmanın üzvü olan Kevin de Bruynenin “Mançester Siti”dəki karyerası ilə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis, “şəhərlilər”in UEFA tərəfindən iki mövsümlük avrokuboklardan uzaqlaşdırılmasından sonra De Bruynenin gələcəyi ilə bağlı danışıb:
“De Bruyne “Mançester Siti”yə sadiqdir. Nə olacağını bilmirik. Bəlkə də, klubun cəzası bir ilə qədər azaldılacaq. Düşünürəm ki, onların iki mövsümlük Çempionlar Liqasından uzaqlaşdırılması futbolçularına ciddi təsir göstərəcək. Amma fikrimcə, bu barədə danışmaq üçün tezdir. Hər kəs öz gələcəyini düşünür. İnanıram ki, futbolçuların gələcəyi ilə bağlı rəsmi qərar açıqlandıqdan sonra danışmaq mümkün olacaq”.
2015-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan Kevin de Bruynenin klubla müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.
Bizi Facebook-da izləyin