“Marsel” “Qarabağ”la oyundakı erməni təxribatına görə cəzalandı
UEFA Konfrans Liqasının Fransada Marsel “Olimpik”i ilə “Qarabağ” arasında keçirilmiş pley-off mərhələsinin ilk oyununda baş verən hüquqi pozuntularla bağlı qərarlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, Nəzarət, Etika və İntizam Komitəsi Fransa klubuna ümumilikdə 44 250 avro cərimə kəsib.
Cərimənin 20 000 avrosu azarkeşlərin təxribatçı siyasi və təhqiramiz hərəkətləri ilə əlaqədar tətbiq olunub. Qarşılaşmanın gedişində Ermənistan və qondarma rejimin simvolunun nümayiş etdirilməsi Marsel təmsilçisinə bu qədər məbləğə baha başa gəlib.
Klub daha 14 000 avronu tribunalarda ümumi istifadə üçün nəzərdə tutulan keçidlərin tutulması səbəbindən ödəyəcək. 10 250 avro cərimə isə fişəng yandırılması ilə əlaqədar tutulacaq.
Fevralın 17-də keçirilmiş həmin qarşılaşmada meydan sahibləri 3:1 hesabıyla qalib gəlmişdilər. Fevralın 24-də Bakıda təşkil olunmuş cavab oyununda isə “Qarabağ” 0:3 hesabı ilə uduzmuşdu.
Bizi Facebook-da izləyin