Ronaldo “Real”a niyə gedib? – Ferqyusondan açıqlama
“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson 2009-cu ildə Kriştiano Ronaldonun “Real”a keçməsinin səbəbini açıqlayıb.
Komanda.az xəbər verir ki, şotland mütəxəssis, bununla bağlı “qırmızı şeytanlar”ın mətbuat xidmətinə danışıb:
“O, “Real”a getməyi arzulayırdı. Ona qarşı çıxmadım. Bu oğlan bizim komandada altı möhtəşəm il keçirmişdi. Onu başa düşdüm. Ona əvəzləyici axtarmalı idik. Ronaldonun yerinə Antonio Valensiyanı götürdük. O da bizim üçün inanılmaz dərəcədə yaxşı oynadı.
Ronaldonun böyük futbolçu olacağını bilirdim. Onun “Real”da möhtəşəm çıxış edəcəyini, titullar qazanacağını təxmin etmişdim. Hər bir güclü futbolçu “Real”da oynamaq istəyir”.
Ronaldo 2003-2009-da “Mançester Yunayted”də, 2009-2018-də “Real”da, 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib. Portuqaliyalı hücumçu ötən ay yenidən “Mançester Yunayted”ə qayıdıb və klubla iki illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin