
“Mançester Yunayted” tarixinin ən yüksək gəlirini əldə edib
“Mançester Yunayted”in Premyer Liqanı ötən mövsüm turnir cədvəlinin 16-cı pilləsində başa vurması və 21,1 milyon avro zərər olması açıqlamasına baxmayaraq, klub tarixində ən yüksək gəlir qeydə alınıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın ötən mövsüm üzrə ümumi gəliri 765,3 milyon avro olub.
Cəmi altı ay əvvəl klubun həmsahibi, milyarder Cim Ratklif “Mançester Yunayted”in 2025-ci ilin sonuna qədər maliyyə böhranı ilə üz-üzə qala biləcəyini bildirmişdi. Ancaq onun rəhbərlik etdiyi “Ineos” şirkətinin həyata keçirdiyi səs-küylü restrukturizasiya nəticəsində xərclər azaldılıb. Bu proses çərçivəsində klubda 300-dən çox işçi ixtisar olunub.
Maliyyə uğurlarının əsas səbəblərindən biri isə rekord göstəricilərlə nəticələnən oyun günü gəlirləri və kommersiya sahəsində atılan addımlar olub. Xüsusilə, “Snapdragon”la imzalanmış sponsorluq müqaviləsi klubun gəlirlərinə böyük təsir göstərib.
“Mançester Yunayted” hazırda Premyer Liqanın dörd turundan sonra turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Baş məşqçi Ruben Amorimə isə nəticələri yaxşılaşdırmaq üçün 3 oyun vaxt verildiyi bildirilir.
Bizi Facebook-da izləyin



