“Mançester Yunayted” birini gətirib, ikisini satdı
İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” “Nyukasl”ın qapıçısı Martin Dubravkanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu bu mövsümün sonuna qədər icarə əsasında Mançester təmsilçisində çıxış edəcək.
Martin Dubravka 2018-ci ildən “Nyukasl”da forma geyinir. Təcrübəli qolkiper Premyer Liqa təmsilçisində 130 matça çıxıb. Daha öncə “Jilina”, “Esbyerq”, “Slovan” (Liberets) və “Sparta” (Praqa) klublarının da formasını geyinmiş qapıçı, Slovakiya millisində də 30 oyuna çıxıb.
“Mançester Yunayted” gənc yarımmüdafiəçisi Ceyms Qarneri isə “Everton”a satıb. 21 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Qarnerə görə Mersisayd klubu 10,4 milyon avro ödəyib.
Mançester klubunun yetirməsi olan Qarner bundan əvvəl “Uotford” və “Nottingem Forest”də icarədə oynayıb. O, İngiltərənin U-21 yığmasında da forma geyinir.
Niderlandlı yarımmüdafiəçi Tahit Çonq isə “Birmingem Siti”yə transfer olunub. Bu keçidin maliyyə detalları açıqlanmır. 22 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Niderlandın U-21 yığmasında və aşağı yaş qrupları üzrə millilərində oynamış Çonq, “qırmızı şeytanlar”ın yetirməsidir. O, bu klubun əsas komandasında 16 oyuna çıxıb. Gənc vinger ötən mövsümü icarə əsasında məhz “Birmingem Siti”də keçirmişdi. O, bu komandada 20 oyunda 1 qol vurub. Yarımmüdafiəçi daha öncə icarə əsasında “Verder” və “Brügge”nin də uğurları üçün çalışıb.
“Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçisi İtan Qalbreytlə 19 yaşlı müdafiəçi Uill Fişi də icarəyə göndərib. Qalbreyt “Satford Siti”yə, Fiş isə “Hibernian”a keçib. Onların hər ikisi mövsümün sonuna kimi icarədə olacaq.
Bizi Facebook-da izləyin