“Mançester Siti” “Çelsi”ni finalda penaltilərlə devirdi

Futbol üzrə İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Çelsi” ilə “Mançester Siti” üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda baş tutan qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə yarım saatda da qalibi müəyyənləşdirmək mümkün olmayıb. Bu üzdən də penaltilərə ehtiyac duyulub.

11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Mançester Siti” Liqa Kubokunun qalibi olub – 4:3. “Şəhərlilər”in heyətində Leroy Sane penaltini boşa versə də, İlkay Gündoğan, Serxio Aquero, Bernardo Silva ve Rahem Sterlinq dəqiq oynayıb. “Çelsi”də isə Sezar Aspilikueta, Emerson və Eden Hazard zərbələri dəqiq yerinə yetirsə də, Jorjinyo və David Luis fürsəti boşa verib.

Bununla da “Mançester Siti” ardıcıl ikinci dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Bütövlükdə isə bu komanda üçü son 4 ildə olmaqla altıncı dəfə bu mükafata sahib çıxıb. Liqa Kubokunda ən çox qalib olan komanda isə “Liverpul”du – 8 dəfə.

İngiltərə Liqa Kuboku
Final
24 fevral

Çelsi – Mançester Siti 0:0 (penaltilər 3:4)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button