“Malta və Azərbaycan yığmalarını müqayisə etmək olmaz”
Futbol üzrə Malta yığmasının baş məşqçisi Devis Manca Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azərbaycan millisinin çox oyunçusu beynəlxalq səviyyədə çıxış edir. Onların Avropa təcrübəsi daha böyükdür. Maltanı Azərbaycan yığması ilə müqayisə etmək olmaz. Qarşıdakı görüşlər bəzi şeyləri sınamaq, futbolçulara oyun təcrübəsi qazandırmaq və onlar haqqında məlumat almaq üçün platforma rolunu oynayacaq. Yerli liqada 20-dən çox oyun keçirdikdən sonra futbolçuların fiziki durumlarının daha yaxşı olacağını gözləyirdim. Amma legionerlər təkcə fiziki vəziyyətdə deyil, həm də qidalanma baxımından daha yaxşı olduqlarını göstəriblər.
Yeri gəlmişkən, Malta millisi Azərbaycan yığmasıyla yoxlama görüşünə itki ilə çıxacaq. Devis Mancanın sözlərinə görə, Keyn Attardın xidmətindən yararlana bilməyəcəklər: “O, həm Azərbaycan, həm Küveytlə matçı buraxacaq. Yığma karyerasını başa vuracaq Andrey Agius isə millidə və ölkə futbolundakı xidmətləri yalnız alqışa layiqdir”.
Malta millisinin və İtaliyanın “Syena” komandasının yarımmüdafiəçisi Metyu Qiyome də mətbuat konfransında matçdan öncə fikirlərini bölüşüb:
“Fərqin böyük olması aşkardır. Məşqlərin intensivliyi və konsentrasiya çox fərqlidir. “Syena”da taktikaya daha çox üstünlük verilir. İtaliya klubları da məhz bununla ad çıxarıb. Bu ölkədə klubların idarəçiliyi də fərqlidir. Bu da onları daha peşəkar edir”.
Martın 25-də keçiriləcək Malta – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Bizi Facebook-da izləyin