“Makkabi”nin baş məşqçisi və hücumçusu püşkü dəyərləndirdi
İsrailin “Makkabi” (Təl-Əviv) klubunun baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.
Komanda.az xəbər verir ki, 51 yaşlı yunan mütəxəssis “Qarabağ”, “Sivasspor” (Türkiyə) və “Vilyarreal” (İspaniya) ilə bir qrupa düşmələrinə belə münasibət bildirib:
“Həm “Vilyarreal”, həm də digər rəqiblərimiz keyfiyyətli komandadır. “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malikdir. Çempionlar Liqasında mübarizə aparıb və çətin rəqib olacaq. “Sivasspor” yaxşı çempionat hesab edilən Türkiyə Super Liqasında mübarizə aparır. Ötən mövsümü dördüncü sırada başa vurlmaları çox şeydən xəbər verir”.
“Makkabi”nin futbolçusu İtay Şexter də püşkatmanın nəticəsini dəyərləndirib. 33 yaşlı hücumçu bildirib ki, qrupun favoriti “Vilyarreal”dır:
“Qrupdakı rəqiblərdən hər biri güclüdür. Bütün komandaları yaxşı analiz etməliyik. “Vilyarreal” böyük azarkeş kütləsinə malik komandadır. Baxmayaraq ki, hazırda oyunlarını boş tribunalar qarşısında keçirir. “Makkabi” bu komanda ilə əvvəl qarşılaşıb. Ən azı heç-heçəyə ümid edə bilərik. Amma kifayət qədər güclü rəqibdir. Sonadək mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Oyuna maksimum dərəcədə yaxşı hazırlaşmalıyıq”.
Şexter sonda koronavirus pandemiyası səbəbindən dayandırılan yerli çempionatın tezliklə bərpa olunmasını arzuladığını bildirib: “Ümid edirəm ki, İsrail futbolu həm oyunçular, həm də azarkeşlər üçün yenidən qayıdacaq”.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 22-29 oktyabr, 5-26 noyabr və 3-10 dekabr tarixlərində keçiriləcək.
Bizi Facebook-da izləyin