Mahmudov dünya kubokunda qızıl, Məmmədov gümüş medal qazandı
Azərbaycanın para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Ceyhun Mahmudov Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən dünya kubokunda qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fərdi kateqoriyada 152 kq nəticə göstərərək baş mükafata sahib çıxıb.
Həmçinin Ceyhun Mahmudov ümumi kateqoriyada 3 cəhdin cəmində 441 kq nəticə göstərərək daha bir qızıl medal əldə edib.
Milli komandamızın digər üzvü Pərvin Məmmədov isə 49 kq çəki dərəcəsi üzrə fərdi kateqoriyada 148 kq nəticə göstərərək gümüş medal qazanıb. Pərvin Məmmədov ümumi kateqoriyada da 148 kq nəticə göstərərək bürünc medal qazanıb.
Xatırladaq ki, daha öncə Zəhra Dadaşova da dünya kubokunda iki medal qazanmışdı. Gənclərin mübarizəsində 55 kq çəkidə çıxış edən idmançı 75 kq nəticə göstərmişdi. O, fərdi çəkidə qızıl, ümumi çəkidə isə gümüş medala sahib çıxmışdı.
Bizi Facebook-da izləyin