“Mahirin sabit oynaya biləcəyi, əsas heyət üzvü olacağı normal kluba getməsini istəyərik”

Mahir Emrelinin “Nürnberq”də işləri yaxşı getmir. Ona Türkiyə və Cənubi Koreyadan təklif olduğu deyilir.

Bununla bağlı tanınmış futbol meneceri Vaqif Heydərli ilə danışdıq. Heydərli Komanda.az-a açıqlamasında Mahirin qeyri-sabit çıxış etdiyini bildirdi:

“Mahir Emrelinin “Nürnberq”də işlərinin yaxşı getmədiyini deməzdim. Bir az sabit deyil. Yaxşı başladı, sonra eniş oldu, toparladı. Qeyri-sabit çıxış edir. Ona hardan təklif olduğunu bilmirəm. Mahirin sabit oynaya biləcəyi, əsas heyət üzvü olacağı normal kluba, liqaya getməsini istəyərik”.

Heydərli ilə Azərbaycanın Premyer Liqa klublarının qış transferləri haqda da danışdıq. O, hansısa klubun qış transfer siyasətini bəyənmək üçün hələ tez olduğunu deyir:

“Qış transfer pəncərəsi yayla müqayisədə bir az daha passiv olur. Bu dəfə də klublarımız üçün sıradan bir transfer pəncərəsi oldu. Gözlənilən oldu, yəni, əvvəlcədən hansı klubların daha çox ehtiyacı var idi transferlərə, onlar aktiv oldular. Əsasən də Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail”, “Kəpəz”, “Şamaxı” və hardasa “Sumqayıt”ı da əlavə etmək olar. Bu klublar daha çox aktiv oldular, çünki güclənməyə ehtiyacları var idi.

Digər klublarımız – “Sabah”, “Turan Tovuz”da bu az müşahidə olundu. Adını çəkmədiyim klubların heyətləri kifayət qədər olduğu üçün transferə o qədər də ehtiyac duymadılar. Bir də “Neftçi”ni vurğulamaq istərdim. Əslində, “ağ-qaralar”ın heyəti kəmiyyət baxımından kifayət qədərdir, sadəcə, nəticələri yaxşı olmadığı üçün onlar da yeni oyunçular götürmək məcburiyyətində qaldılar.

O ki qaldı hansı klubun qış transfer siyasətini bəyənməyə, məncə, peşəkar yanaşsaq, çox az müddətdir yeni transferlərin uğurlu olub-olmamasına görə fikir bildirmək üçün. Bu müddətdə ola bilsin ki, kimsə seçilir, amma digər oyunda zəif çıxış edir. Buna görə də, bizə müəyyən bir zaman lazımdır ki, hansı transferlərin uğurlu olub-olmamasını müəyyənləşdirək və nəticədə hansı klubun uğurlu transfer siyasəti həyata keçirdiyini bilək”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button