Mahir Rüstəmli: “Nə qədər ki sağam, “Futbol+” yaşayacaq”

Maliyyə problemləri yaşayan “Futbol+”in daha bir əməkdaşı qəzetdən ayrılıb.

Komanda.az xəbər verir ki, Fariz Əliyevdən sonra Mirağa Mirzəyev də nəşrin sıralarını tərk edib.

“Futbol+”in baş redaktoru Mahir Rüstəmli ilə əlaqə saxlayıb, qəzetin son durumu, ayrılıqlarla bağlı fikirlərini öyrəndik:

  • Qəzet bir canlı orqanizmdi. Gedənlər də, gələnlər də olur. Mirağa yenə də bizə kömək edir. Sadəcə, fəaliyyət sahəsi dəyişib. Özünün də elan etdiyi kimi, dil kursu açıb və əsas işi odu. Bununla belə, sağ olsun ki, bizə yaxından kömək edir. Eyni zamanda, gedənlər varsa, bizimlə yeni əməkdaşlığa başlayanlar da var. İzləyirsizsə, Həsən Quluzadə bizdə yazır, ondan başqa 1-2 nəfəri də sınaqdan keçiririk. Əsas problem odu ki, aprelin 1-dən KİVDF bizə maliyyə ayırmağı dayandırıb. Bir səbəb budusa, digər səbəb də vergi orqanları ilə müəyyən problemlərimizin olmasıdı. Bizim hesablarımızla bağlı problem var və bu, maliyyələşmədə çətinlik yaradır. Bəzi dostlarımız çətinliklərə dözür, bəzilərində alınmır. Təbii ki, ailənin də tələbləri var. Ona görə də bunların hamısını anlayışla qarşılayıram. Amma bu o demək deyil ki, fəaliyyətimizdəki problem çox böyükdü. Bəli var, amma faciəvi həddə deyil. Biz yenə vəziyyətdən çıxırıq. Qəzet həftədə 4 dəfə nəşr olunur. Fəaliyyətimizi davam etdiririk.
  • Vergi orqanları ilə problem konkret olaraq nədi?
  • Bu, sırf qəzetin işi ilə bağlı deyil. Bizim həm də mətbəəmiz var. Ora üçün alınan avadanlıqların bəzilərinin sənədləşdirilməsi ilə bağlı problem yaranıb. Buna görə də Vergilər Nazirliyi hesablarımıza sanksiya tətbiq edib. Bu, yaxın günlərdə götürülməlidi. Sanksiya götürüləndən sonra əvəlki normal həyata qayıdacağıq. 3 aydı davam edən bu proses bizə çətinliklər yaradır.
  • Yəqin ki, Nazirliyə müraciət etmisiz. Nə cavab verirlər?
  • Danışıqlar, müzakirələr gedir. Biz bu qərardan onların apellyasiya şurasına müraciət etmişik. Belə hesab edirik ki, ədalətsiz qərar çıxarılıb. Belə deyək, bizi əgər 5 manat cərimələyə bilərdilərsə, 15 manat cərimələyiblər. Nazirlər Kabinetinin qanunlarını əsas götürməklə xahiş və tələb edirik ki, bu sanksiyalar dəyişdirilsin. Hazırda Vergilər Nazirliyindən cavab gözləyirik.
  • KİVDF ilə mübarizəniz var idi, etirazlar etmişdiz. Sanki indi durğunluqdu…
  • Biz etiraz aksiyaları keçirdik, fikrimizi çatdırmağa çalışdıq. Ancaq gördük ki, yuxarılar səviyyəsində aksiyalarımıza siyasi don geydirməyə çalışırlar. Həmin aksiyaların davamı açıq-aşkar kollektiv üzvlərinə təzyiqlərə səbəb olurdu, açıqlamaq istəmədiyim mesajları almışdıq. Prosesin davamı ciddi təzyiqlərlə müşayiət olunacaqdı, bizə artıq hədə-qorxu gəlirdilər. Bütün bunları götür-qoy etdikdən sonra bir qədər fasilə vermək qərarına gəldik. Hələlik mövcud resurslarla yola davam edirik. Ancaq nə mübarizəmiz bitib, nə də qəzetimizin fəaliyyəti dayanıb. Yola davam edəcəyik.
  • “Futbol+”in qışda fəaliyyətini dayandıracağı ilə bağlı söhbətlər var…
  • Bu söhbətləri kim deyir, niyə deyir, məqsədi, niyyəti nədi – anlamıram. “Futbol+” heç bir halda fəaliyyətini dayandırmayacaq. Nə qədər ki mən həyatdayam qəzet hansısa şəkildə çıxacaq. Çətinliklər həddən artıq çoxalsa, vergi orqanları ilə olan problemləri həll edə bilməsək, hesablarla bağlı problemləri düzəlməsə ola bilər ki, dövrilikdə dəyişikliyə gedək. Ancaq heç bir halda qəzetin dayanmasından söhbət gedə bilməz – nə qışda, nə yazda, heç vaxt. (Futbolpress.az)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button