“Mahir “Qarabağ”da olan güzəşti heç yerdə görməyəcək” SORĞU

Son günlər “Qarabağ”ın futbolçusu Mahir Emrelinin adı bir neçə xarici klubla yanaşı çəkilir. Əvvəlcə ispan həmkarlarımız Azərbaycan millisinin üzvü ilə “Malaqa”, “Deportivo” və “Ekstremadura” klublarının yaxından maraqlandığını, daha sonra isə Türkiyə mətbuatı Emrelinin “Trabzonspor”un hədəfində olduğunu yazdı. Bəs Mahir karyerasını ölkə xaricində davam etdirmək potensialına sahibdirmi? Onun üçün İspaniya, yoxsa Türkiyə variantı daha yaxşı seçim olar?

Bu suallarla idman yazarlarına və vaxtilə Rusiyada legioner həyatı yaşamış Azərbaycan millisinin keçmiş hücumçusu Nazim Süleymanova müraciət etdik:

Nazim Süleymanov (veteran futbolçu)

“Məncə, Mahirin legioner həyatı yaşamaq üçün potensialı var. “Qarabağ”la ardıcıl çempionluqlar yaşayıb, Çempionlar Liqasının və dəfələrlə Avropa Liqasının qrupunda iştirak edib. Legioner həyatı yaşamaq üçün futbolçuda güclü xarakter olmalıdır. Mahirdə də bu xarakterin olduğunu düşünürəm. Xarici komandalarda özünü necə göstərəcəyini və bu xarakterini zamanla görəcəyik. Futbolçuların Avropa klublarında çıxış etməsinin milliyə də böyük təsiri olar. Təkcə Mahir deyil, digər futbolçular da legioner həyatı yaşasa, çox yaxşı olar. O ki qaldı İspaniya və ya Türkiyə variantına, təbii ki, bunu Mahir özü seçəcək. Amma düşünürəm ki, hazırda İspaniyada çıxış etməsinin ona böyük faydası olar”.

Vüsal Mahmudov (Futbolinfo.az)

“Mahir mütləq getməlidir. Amma əvvəlcə özü böyüməlidir. Çox istedadlıdır, gəl ki, taktiki cəhətdən savadsızdır. Öz üzərində işləsə, çempionatın ciddi fərqi yoxdur. Amma düzü, onun uğurlu olacağına inanmıram. Bu yaşdan sonra Mahirin beynini inkişaf etdirəcəyinə, xarakterini dəyişəcəyinə inanmıram. İstedadına xəyanət edir, mütaliə etmir, məşqçilərin iradlarından nəticə çıxarmır. İllərdir eyni futbolu oynayır, eyni səhvləri edir. Çox əla CV-si var, bombardirdir, daim qruplarda oynayan klubun üzvüdür, millinin oyunçusudur. Amma Mahir “Qarabağ”da olan güzəşti heç yerdə görməyəcək. Bunu da indidən bilməlidir. Üzərində işləyib, dəyişməlidir. Zatən dəyişməsə, elə “Qarabağ”da da tezliklə ehtiyata düşəcək”.

Mirağa Mirzəyev (Futbol+)

“İnanmıram ki, hansısa həmkarımız futbolçularımızın legioner həyatı yaşamasının əleyhinə olsun. Çünki daim bu yöndə təbliğat aparmışıq. Çünki Azərbaycan çempionatının bəlli səviyyəsi var və nəinki daim burda çıxış edən hansısa yerli artırır, hətta əcnəbilərin formasında da düşüş hiss olunmağa başlayır. Konkret Mahirdən danışırıqsa, o, son bir ildə yaxşı statistik göstəriciləri ilə diqqət çəkir. Çempionatın bombardiri oldu, “Qarabağ”da çempion oldu, ÇL-də iştirak edir, qol vurur. Bu məqamda onun xarici klubların diqqətini çəkməsi normaldır. Perspektivli futbolçudur və deyək ki, Ağabala Ramazanovdansa, onun risk etməsi üçün manevr imkanı genişdir. Odur ki, getməyi məsləhətlidir. Ancaq digər tərəfdən, ilk dəfə yaşayacağı legioner karyerasının uğursuz olmaq ehtimalı da var. Hamı bu fikirlə razılaşar ki, Mahir heç bir azərbaycanlı futbolçuda olmadığı qədər şans qazanıb, Qurban Qurbanov hətta bərbad oyunlarından sonra da ona dəstək verib, meydana buraxıb. Bu şansı keçəcəyi klubda da ona tanıyacaqlarmı? Yəqin Mahir də bu tərəddüdü keçirir. Mahir çox tənqid olunsa da, onda xeyli üstün keyfiyyətlər olduğunu vurğulamamaq ədalətsizlik olar. Əsas özəlliyi mövqe seçməkdir. Məhz bunun sayəsində hamıdan çox qol vurmaq imkanı əldə edir. Vəziyyətləri qola çevirmək baxımından faydalılıq əmsalı hələ ki, tam yetərli sayılmasa da, bu, ustalıq səviyyəsindən asılıdır. O ustalığı isə legioner kimi əldə edə bilər.

O ki qaldı Mahirin seçim imkanlarına, fikrimcə, İspaniya onun üçün daha uyğun variant olar. Mən “Malaqa” deyərdim. Çünki böyük ehtimalla, “Trabzonspor” ona ehtiyat qüvvə gözü ilə baxacaq. Nəzərə alaq ki, “Trabzonspor” yaxın keçmişdə Ramil Şeydayevi də transfer etmiş, ancaq şans vermədən Slovakiya klubu “Jilina”ya göndərmişdi.

Mahir qərar verməzdən öncə yaxşı-yaxşı düşünsün. Rauf Əliyev, Araz Abdullayev və digərləri kimi, 6 aydan, 1 ildən sonra üstümüzə qayıdacaqsa, heç getməsin. Əksinə, xarakteri çatacaqsa, buyursun, bizə “yaxşı yol” demək qalır”.

Kamran Hacı (Allsport.az)

“Ümümiyyətlə, təkcə Mahir Emreli deyil, digər istedadlı futbolçularımız da ölkə xaricinə yollanmalıdırlar. Digər idman növlərində çıxış edənlərin əsas məqsədi çempion olmaq, olimpiya oyunlarında iştirak edib orda fərqlənməkdir. Bizim futbolçular da eyni məqsəd uğrunda çalışmalıdırlar. Onsuz da onların burda maliyyə qazancı ustalıqlarına görə yüksəkdir. Amma peşəkar karyerada futbolçuya səviyyəli çempionatda oynamaq, mükafat qazanmaq qalır. Buna görə də, fürsət düşəndə, onu düzgün dəyərləndirmək lazımdır. Üstəlik, bizdə idman sosial layihədir, klublarımız aparıcı Avropa ölkələrindəki kimi futbolçu yetişdirib satmırlar. Demək, burda milli maraqlar önə keçməlidir.

Hansı çempionatda oynamağa gəlincə, hər ikisinin ayrı özəllikləri var. Türkiyə bizə qardaş ölkədir. Futbolçularımızın ora uyğunlaşması zaman almayacaq. Çılğın azarkeşlər önündə oynamağın ayrı ovqatı var. Üstəlik, hesab edirəm ki, Mahir onu istəyən klublarda yer alan hücumçulardan zəif deyil. Sadəcə, oyunda və kənarda ağlını işlətsə, yetər. İspaniya “böyük beşlik” ölkələrindəndir. Sequnda elə Türkiyə Super Liqası ilə eyni gücdədir. Orda da azarkeşlərin futbola sevgisi tükənməzdir. Mahir 2-ci divizionda ustalığını artıra bilər. Onun texnikalı olması çox dadına çatacaq. İspaniyada futbol ayrı dünyadır. Təsəvvür edin, Mahirin çıxış etdiyi klub sonda La Liqaya vəsiqə qazanır. Görün, necə fərəh hissi keçirə bilərik… Axı, nə vaxtsa sübut etməliyik ki, Azərbaycanda da istedadlı futbolçular var və onlar da futbol oynaya bilirlər”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button