Mahir Mədətov Mamadu Mbodjdan üzr istədi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçında meydan sahiblərinin gənc futbolçusu Mahir Mədətovla paytaxt klubunun yeni transferi Mamadu Mbodj arasında xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, epizodlardan birində Mbodj Mahirə qarşı kobudluq etdikdən sonra üzr istəmək üçün ona əl uzadıb. Lakin Mahir rəqib futbolçunun bu jestinə qarşılıq verməyib.
Matçdan sonra isə Mədətov sözügedən hadisə ilə bağlı “İnstaqram”da maraqlı paylaşım edib. O, Mbodjun əl uzatdığını görmədiyini və buna görə üzr istədiyini bildirib:
“Mən həmin epizodda sənin əl uzatdığını görmədim. Buna görə üzr istəyirəm. Ümid edirəm ki, aramızdakı hər şey yaxşı olar. Mən irqçi deyiləm. Bilirsən ki, bu, bir oyundu. Sənə uğurlar arzulayıram”.
Mahirin bu mesajına Mbodjdan cavab gecikməyib:
“Salam, dostum. Narahat olma, bu, bir oyundu və bunların baş verməsi normaldı. Sənin irqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Sənə komandanla birlikdə uğurlar arzulayıram”.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı 1:1 hesabıyla başa çatıb.
Bizi Facebook-da izləyin